Tomaş Ayan Fəxri Xiyabanı ziyarət edib

Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan iyulun 15-də Azərbaycana bir günlük səfərə gəlmişdir. Beynəlxalq Federasiyanın rəhbəri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərovla da görüşmüşdür. 
Elə həmin gün T.Ayan Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. 

O, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını yad etmişdir. Tomaş Ayan Şəhidlər xiyabanı xatirə kompleksini ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü naminə canlarından keçmiş qəhrəman Azərbaycan oğul və qızlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” önünə əklil qoymuşdur. 

Sonra qonaq Bakının ən yüksək nöqtəsindən Azərbaycan paytaxtının panoramını seyr etmişdir. 
Tomaş Ayanın ölkəmizə səfərinin məqsədi Azərbaycan Ağır Atletika Federasiyasının fəaliyyəti ilə tanış olmaq, burada beynəlxalq turnirlər və çempionatlar təşkil edilməsi, idmançılarımızın 2012-ci il London Olimpiadasında iştirakı, habelə gələn ilin dekabr ayında Azərbaycanda Qran-pri yarışlarının təşkil edilməsi məsələlərini müzakirə etməkdir.

Paylaş
Şərh yaz