İdmançımız iki şəxsi rekordunu yenilədi
Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələrin 9-cu Avropa çempionatında ilk günün yarışları keçirilib. Azərbaycanlı idmançılardan ikisi mübarizəyə tez qoşulanlar sırasında olub. Çəkisi 50 kq-a qədər ağırlıqqaldıranların mübarizəsində Təhsil Respublika İdman Mərkəzinin nümayəndələri Mənsur Ağaverdiyev və Allahyar Abışov qüvvələrini sınayıb. İdmançılarımız müxtəlif nəticələr göstəriblər.
Mənsur Ağaverdiyev birdən qaldırmada 67 və 71 kq-ın öhdəsindən gəlsə də, 74 kq-ı qaldıra bilməyib. Təkanla qaldırmada isə 80, 85 və 88 kq-lıq ştanqın qaldıran 15 yaşlı ağıllıqaldıranımız ümumi nəticədə 9-cu olub.
Allahyar Abışov isə Azərbaycanın bayrağını yüksəklərə qaldırmağı bacarıb. Soltan Kərimovun yetirməsi olan idmançımız körpücük üzərinə qalxaraq ilk cəhdində 76 kq, daha sonra isə 81 kq-ı qaldırıb. Bu nəticə onun birdən qaldırmada (Perunun Lima şəhərində Yeniyetmələrin 2-ci dünya çempionatında göstərib) şəxsi rekordu demək idi. 84 kq-ın öhdəsindən gələ bilməsə də, bu, onun bu növdə bürünc medal qazanması üçün yetərli oldu.
Uğurunu təkanla qaldırmada da davam etdirən 16 yaşlı pəhləvanımız ilk cəhdində 92 kq-ı qaldırıb. Daha sonra 98 və 101 kq çəkini başı üzərinə qaldıran gənc Abışov, bu növdə də şəxsi rekordunu yeniləyərək bürünc medal qazandı.
Toplamda 182 kq (81+101) nəticə göstərən Allahya Abışov yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını qazandı. Bu böyük uğur münasibətilə bütün ağır atletika sevərlərimizi təbrik edir, Allahyarın bu uğurunun davamının gəlməsini arzulayırıq. Təbrik edirik!