Nailxan Nəbiyev Avropa çempionudur!

Avropada 10 medal qazandıq

Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasında 9-cu Avropa çempionatında 85 kq-da yarışlara yekun vurulmuşdur. Bakının “Gənclik” klubunun nümayəndəsi Nailxan Nəbiyev körpücük üzərinə çıxmışdır.

17 yaşlı ağır atletimiz bütün rəqiblərindən daha hazırlıqlı, daha güclü olduğunu sübut etmişdir. Lakin idmançımız birdən qaldırmada ilk olaraq yalnız bürünc medalla kiyafətlənmişdir. İlk cəhdində 146 kq-ı başı üzərinə qaldıran Nailxan Nəbiyev, elə bu cəhdlə minimum üçüncü olmağı təmin etmişdir. Erməni Mikayel Makayelyan birdən qaldırmada idmançımızdan 6 kq və üç pillə geridə qalmışdır. Bütün rəqibləri öz cəhdlərini baş vurandan sonra 153 kq-a yaxınlaşan gənc ağır atletimiz ilk cəhdində uğursuzluqla üzləşmişdir. Ancaq mübarizlik nümayiş etdirən Nailxan, ikinci cəhdində bu çəkini başı üzərinə qaldırmışdır. Amma ştanqın özündən arxaya düşməsinə mane ola bilməyən Nəbiyev, 146 kq çəki dərəcəsini yaxşılaşdıra bilməmişdir.

Ancaq təcrübəli mütəxəssis, tanınmış məşqçi Xanlar Nəbiyevin oğlu və eyni zamanda tələbəsi olan Nailxan Nəbiyev, ruhdan düşməyərək gücünü bütün Avropaya göstərməyə nail olmuşdur. Təkanla qaldırmaya 181 kq-la başlayan ağır atletimiz bu çəkinin öhdəsindən gələrək, ilk cəhdindəcə həm bu növdə, həm də toplamda Avropa çempionu adını qazanmışdır. Yalnız 4-cü pillədə qərarlaşmağa gücü çatan erməni idmançı Mikayel Makayelyan azərbaycanlı pəhləvanımızdan 18 kq az nəticə göstərmişdir. Bu isə düşmən ölkənin tam fiaskosu deməkdir.

Özünəinam, mübarizlik, əzm və pəhləvanlıq nümunəsi göstərən Nailxan, Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail oldu. Himnimizi Avropada hamıya dinlətdirən Nailxan Nəbiyev gələcəkdə daha böyük uğurlar qazanmağa qadir və buna potensialı olduğunu göstərə bildi. Halal olsun!

Nailxanın bu qələbəsiylə Avropa çempionatında Azərbaycan milli komandasının medal sayı 10-a çatdı. Qeyd etmək lazımdır ki, Nəbiyev bu turnirdə çıxış edən sonuncu idmançımız idi. Bu səbəbdən də bu qələbə həm də ümumilik Avropa çempionatına çox gözəl notlarla yekun vurmağımıza imkan yaratdı.

Nailxan Nəbiyevə qədər Allahyar Abışov (3 bürünc medal), Paşa İbrahimli (üç qızıl medal) və Elxan Əliquluzadə (bir qızıl və bir bürünc medal) ölkəmizin medal sayının çoxalmasını təmin etmişdirlər.

Paylaş
Şərh yaz