Firudin Quliyev dünya rekordunu yenilədi!

Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında ağır atletika üzrə Avropa çempionatında yarışların ikinci gününə yekun vurulub. “Zirvə” İdman Klubunun istedadlı atleti Firudin Quliyev möhtəşəm nəticə göstərərək adını tarixə yazdırıb. 69 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız təkanla qaldırmada yeniyetmələr arasında dünya rekordunu yeniləyib.

17 yaşlı ağır atletimiz əvvəlcə birdən qaldırmada mübarizəyə qoşulub. Əvvəlcə 126, sonra isə 130 kq-lıq ştanqı başı üzərinə qaldıran Firudin, 133 kq-ın öhdəsindən gələ bilməyib. Bu nəticə ilə o, birdən qaldırmada 9-cu yeri tutub.
Ancaq millimizin üzvü bu uğursuzluqdan sonra ruhdan düşməyib və gücünü toplayaraq fantastik nəticə göstərib. Firudin Quliyev təkanla qaldırmada 173 kq çəkini başı üzərinə qaldıraraq 10 illik həsrətimizə son qoyub. Sonuncu dəfə 2001-ci ildə hazırda yeniyetmələr yığmamızın baş məşqçisi olan Nizami Paşayevin qazandığı gümüş medaldan sonra, Azərbaycan milli komandası gənclərin yarışında medal üzünə həsrət idi. 17 yaşı  olan idmançının 20 yaşlı həmkarları arasında belə uğur qazanması sadəcə, möhtəşəmdir.
2005-ci ildə Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında Albaniya idmançısı Erkand Gerimay 172 kq çəkini təkanla qaldırmışdı. Firudin Quliyev 6 ildir qüvvədə qalan və üstələnməyən bu nəticədən 1 kq artıq qaldıraraq müasir Azərbaycan idman tarixinin ən perspektivli, ən istedadlı, ən bacarıqlı idmançılarından birini olduğunu sübut etdi.
Heç şübhəsiz, onun bu uğurunda şəxsi məşqçisi – əməkdar məşqçimiz Kərim Kərimli, “Zirvə” İdman Klubunun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanov və gənclər üzrə millimizin baş məşqçisi Xanlar Nəbiyevin böyük rolu vardır.
Yarışın özü haqda onu qeyd edə bilərik ki, Firudin əvvəlcə 167 kq-ı qaldırıb. Daha sonra 171 kq-ın öhdəsindən gələn Quliyev, son cəhdində dünya rekordunu sifariş verib. Növbəti mövsümdən etibarən yaşına görə yeniyetmələrin yarışında iştirak edə bilməyəcək idmançımız üçün bu, rekord üçün son şans idi.
Hər halda Firudin Buxarestdə uğur qazanmaq üçün çalışdı və istəyinə nail oldu. 173 kq çəkini qaldıraraq o, həm təkanla qaldırma hərəkətində Avropa çempionu adını qazanacaq, həm də dünya rekordçusu olacaqdı. Gənc, enerjili, böyük istedada malik ağır atletimiz bu iki vacib hədəfin öhdəsindən mahircəsinə gəldi. Toplamda 303 kq (130 kq + 173 kq) nəticə göstərən idmançımız ümumi nəticədə bürünc medala yiyələndi.
“Zirvə” İdman Klubunun Goranboy filialının yetirməsi olan  Firudin Quliyev dünya rekordunu yeniləyərək Azərbaycanın idman səmasında yeni bir ulduzun doğmasına işarə verdi. Möhtəşəm gələcək və perspektiv vəd edən gənc superatletimiz dünyanın ən mötəbər turnirlərində ölkəmizin bayrağını dəfələrlə yüksəltməyə, himnimizi səsləndirməyə hazır olduğunu sübut etdi. Ağır atletikada qazanılan bu uğur, həm də ümumilikdə Azərbaycan idmanının, eyni zamanda xalqımızın uğurudur.
Bu çəkidə daha bir gənc atletimiz də iştirak edib. 2010-cu il yeniyetmələr arasında Sinqapur Olimpiya Oyunlarının qalibi olan Nicat Rəhimov, karyerasında ilk dəfə gənclər arasında Avropa çempionatına qatılıb. Nəzərə alsaq ki, bu onun ilk belə yarışıdır, göstərilən nəticəni qənaətbəxş saymaq olar. Birdən qaldırmada 132 kq, təkanla qaldırmada isə 155 kq çəkini başı üzərinə qaldıran Nicat, toplamda 287 kq nəticə ilə ümumi sıralamada 8-ci yeri tutub.

Paylaş
Şərh yaz