Milli komandamız böyük təntənə ilə qarşılandı

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edən milli komandamız vətənə dönüb. İdmançılarımız Heydər Əliyev adına Beynəlxalq Hava Limanında böyük təntənə ilə qarşılanıb. Çoxsaylı Kütləvi İnformasiya Vasitələrinin çəkiliş qruplarının iştirak etdiyi mərasimə onlarla idmansevər azarkeşlər də qoşulub. Əllərində Azərbaycan bayraqları olan adamlar ölkəmizə ayaq basan millimizin üzvlərini hərarətlə alqışlayıblar. Gənc ağır atletlərimiz onlar üçün təşkil edilən bu qarşılamadan şad olublar.

 Xüsusilə, 69 kq çəki dərəcəsində bürünc medal qazanmaqla yanaşı, təkanla qaldırma hərəkətində 173 kq-ı qaldıraraq dünya rekordunu yeniləyən Firudin Quliyev diqqət mərkəzində olub. Telekanallarımıza müsahibə verən gənc atletimiz bu nəticəyə görə sevindiyini, onu qarşılamağa gələn hər kəsə minnətdarlığını bildirib. Məşqçilər, klub və federasiya rəhbərliyinə təşəkkürünü çatdıran Quliyev, uğurlarını gələcəkdə də davam etdirməyə söz verib.

 Firudinin təmsil etdiyi “Zirvə” İdman Klubunun baş məşqçisi Hafiz Süleymanov yetirməsindən razılığını dilə gətirib. Quliyevin yeniyetmələr arasında dünya rekordunu yeniləməyini böyük uğur kimi qiymətləndirən məşqçi, əzm və çalışqanlığın gətirdiyi bu qələbəyə sevindiyini qeyd edib.

 İdmançılarımızı qarşılamaq üçün Hava Limanına gedən Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, “Zirvə” İdman Klubunun prezidenti Tofiq Heydərov da ürək sözlərini bölüşüb. O, gənclərimizin qazandığı uğurları müsbət qiymətləndirib və onların bu nəticələrinin vaxt ötdükcə daha da artacağına inandığını bildirib.

Paylaş
Şərh yaz