Azərbaycanın ən yaxşı ağır atletlərindən biri olan Sərdar Həsənovla bağlı xoş bir xəbər açıqlanmışdır. 2010-cu ilin sentyabrında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın nəticəsi daha da yaxşılaşdırılıb. Həmin turnirdə birdən qaldırmada 145 kq, təkanla qaldırmada isə 175 kq, toplamda isə 320 kq nəticə göstərən Sərdar Həsənov yekunda 8-ci pilləni tutmuşdu. Ancaq bir neçə gün əvvəl dopinq testi müsbət çıxan çinli Lyo Huey və rumıniyalı Ninel Mikulesku diskvalifikasiya olunub və hər iki idmançının nəticələri ləğv edilib. Bu səbəbdən də Sərdar Həsənov iki pillə irəliləyərək 6-cı pilləyə yüksəlib. İdmançımızı təbrik edirik!