Milli komandamızın üzvü dünya və Avropa rekordlarını yenilədi!

AAAF-ın prezidenti Cahangir Əsgərov yığmamıza mənəvi dəstək olmaq üçün Parisə getdi

Azərbaycan ağır atletikasının uğurları bir-birini əvəzləyir. Hər keçən gün idmançılarımız qazandıqları qələbələr bütün dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Xüsusilə, gənc atletlərimizin son illərdəki nailiyyətləri gələcəyimizin parlaq olduğundan xəbər verir. Başda prezident Cahangir Əsgərov olmaqla, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) bu istiqamətdə gördüyü işlər göz qabağındadır. Ümumdünya Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tamaş Ayan da Azərbaycana səfəri zamanı bunu qeyd etmişdi. O, ölkə prezidentimiz cənab İlham Əliyev, Gənclər və İdman Naziri Azad Rəhimov, AAAF-ın prezidenti Cahangir Əsgərovla görüşlərində bu haqda danışmış, dövlətimizin idmana qayğısının yüksək səviyyədə olduğunu vurğulamışdı.

Məhz bu diqqətin nəticəsidir ki, gənc idmançılarımız beynəlxalq yarışlarda çempionluqlar əldə etməkdə davam edirlər. Firudin Quliyevin sentyabr ayında Rumıniyada keçirilən Avropa çempionatında yeniyetmələr arasında dünya rekordunu yeniləməsi buna əyani misaldır. Valentin Xristovun dünən əldə etdiyi nailiyyət isə bütün bunların daha bir sübutudur.

AAAF prezidenti cənab Cahangir Əsgərov da həmişəki kimi dəstəyini milli komandamızdan əsirgəmir. O, şəxsən Parisdəki dünya çempionatına yollanaraq yığmamıza mənəvi ruh yüksəkliyi verib. Həmçinin dünya çempionatının startından əvvəl IWF prezidenti Tamaş Ayanla görüşən cənab Əsgərov, Azərbaycan və dünyada ağır atletikanın inkişafını onunla müzakirə edib. Hər iki tərəf çox səmimi məcrada keçən bu görüşün səmərəli olduğunu qeyd edib.

Bununla yanaşı, cənab Əsgərov Azərbaycan milli komandasının gənc üzvü Valentin Xristovun mükafatlandırılması mərasimində şəxsən iştirak edib. AAAF prezidenti idmançımızın bürünc medalını özü ona təqdim edib və ona gələcək yarışlarda uğurlar arzulayıb.

Valentin Xristovun əldə etdiyi uğur haqqında xüsusilə danışmaq lazımdır. 17 yaşlı idmançımız dünən təkanla qaldırma hərəkətində 154 kq-ı başı üzərinə qaldırmaqla yeniyetmələr arasında dünya rekordunu yeniləyib. Ancaq o bununla kifayətlənməyib. Xristov həm də yeniyetmələr və gənclər arasında 4 Avropa rekordunu (həm birdən, həm də təkanla qaldırma hərəkətində) da təzələyərək möhtəşəm nəticə göstərib. Az qala hər yanaşmasında rekord vuran idmançımız bütün dünya KİV-lərinin diqqət mərkəzinə düşüb. Bu ilin yazında Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında da iştirak edən və qızıl medalla yanaşı, həm də rekordlar vuran Xristovun nəticələri həmin vaxt hesaba alınmamışdı. Bolqarıstan Ağır Atletika Federasiyasının ona millimizin şərəfini qorumaq icazəsini verməməsi uğurumuza mane olmuşdu. Ancaq bu dəfə artıq heç bir maneə yox idi və Valentin rekordlarını rəsmən vura bildi. Fantastik uğur qazanan Xristovun bu qələbəsi bizə London Olimpiadasında ondan medal və hətta çempionluq gözləmək imkanı verir.

Maraqlıdır ki, Valentin Xristovun dünya rekordu həm də başqa bir tarixi məqamı ortaya çıxarıb. Dünyanın ən məşhur ağır atletika avadanlıqları şirkətlərindən olan “Eleiko” şirkəti də idmançımıza xüsusi mükafat verib. Şirkət rəhbərliyi məhz bu avadanlıqlarla vurulan sayca 1000-ci rekordun məhz Xristov tərəfindən qeyd edildiyini açıqlayıblar.

Bu tarixi anı mükafatla fərqləndirən “Eleiko” şirkəti Azərbaycan milli komandasının üzvünə qiyməti 3 300 AVRO olan “Eleiko ştanq komplekti” təqdim edildi.

Valentin açıqlamasında bu hədiyyəni qoruyub-saxlayacağını və onlar evini bəzəyəcəyini bildirib.

 

Paylaş
Şərh yaz