Boyanka Kostovaya medal üçün 1 kiloqram çatmadı

Bu gün Fransanın paytaxtı Paris şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatının ikinci yarış günüdür. Milli komandamızın üzvlərindən Boyanka Kostova körpücük üzərinə çıxıb. O, qadınların yarışında 53 kq çəki dərəcəsində mübarizə aparıb.

Yarış idmançımız üçün çox da uğurlu alınmayıb. Baxmayaraq ki, birdən qaldırma yarışlarında hər şey çox yaxşı başlanıb. Boyanka əvvəlcə 88 kq-ı başı üzərinə rahat qaldırıb. Bir qədər sonra 92 kq çəkini də ram edən Kostova, sonrakı cəhddə uğursuzluq yaşayıb. Nəticədə o, bu hərəkətdə 6-cı yeri tutub.

Ancaq qeyd etmək vacibdir ki, bu hərəkətdə üçüncü yeri tutan idmançı – Taypeyli Hsu Şu-Çinq cəmi 93 kq-ı qaldırmaqla bürünc medala yiyələnib. Boyankanın üçüncü cəhdu uğurlu olsaydı, o nəinki 3, hətta ikinci yeri də tuta bilərdi.

Təkanla qaldırma hərəkətinə də ilk cəhddə uğurlu start verən idmançımız 108 kq çəkili ştanqı rahat qaldırıb. Ancaq 115 kq çəki millimizin üzvü üçün aır olub və o, növbəti iki cəhddə onu qaldıra bilməyib. Boyanka Kostova təkanla qaldırma hərəkətində 13-cü yeri tutub.

Toplamda 200 kq (92 kq + 108 kq) nəticə göstərən millimizin üzvü yekunda 8-ci yeri tutub. Bu, lisenziya xalları baxımından uğurlu nəticədir.

Dünənki yarışda da 48 kq çəki dərəcəsində 8-ci olan Silviya Angelova da milli komandamızın lisenziya xalı ehtiyatını artırmışdı.

Boyanka Kostova, 53 kq çəki dərəcəsi

Sifariş verdiyi çəkilər

Birdən qaldırma: 92 kq

1. 88 kq – cəhd uğurlu oldu
2. 92 kq – cəhd uğurlu oldu
3. 96 kq – cəhd uğursuz oldu

Bu hərəkətdə tutduğu yer – 6

Təkanla qaldırma: 108 kq

1. 108 kq – cəhd uğurlu oldu
2. 115 kq – cəhd uğursuz alındı
3. 115 kq – cəhd yenə uğursuz alındı

Bu hərəkətdə tutduğu yer – 13

Toplamda qaldırdığı çəki – 200 (92 kq + 108 kq)

Yekunda tutduğu yer – 8

Paylaş
Şərh yaz