Azərbaycanın dostu Vasili Alekseyev dünyasını dəyişib

Ağır Atletika öz tarixinin ən güclü idmançısını – XX əsrin ümumilikdə ən yaxşı idmançısını itirib. 80 dünya və 81 SSRİ rekordunun sahibi, ikiqat Olimpiya, səkkizqat dünya və Avropa, yeddiqat SSRİ çempionu olan məşhur idmançı Vasili Alekseyev 69 yaşında dünyasını dəyişib. O, 25 noyabr 2011-ci il tarixində Almaniyanın Münhen şəhərindəki xəstəxanada ölüb. Dahi ağır atletin ölümü bütün dünyadakı idmansevərlərin üzüntüsünə səbəb olub.

Vasili İvanoviç Alekseyev 2010-cu ilin fevralında Azərbaycana gələrək Ustalar arasında IV açıq Azərbaycan çempionatında qonaq qismində iştirak etmişdi. Səmimiliyi və gülərüzlüyü ilə seçilən, onu tanıyanların hamısının rəğbətini qazanan sabiq atlet ölkəmizi bəyəndiyini qeyd etmiş, idmançılarımıza gələcəkdə böyük uğurlar qazanmağı arzulamışdı. Azərbaycanın dostu olan Alekseyevin ölümü bizi də çox böyük təəssüf hissinə boğdu. Belə idmançılar ağır atletikanın bəzəyidir və hər şeyə rəğmən belə də qalacaqdır. Alekseyevin xatirəsi daima bizimlə yaşayacaqdır. Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Respublikası «Veteran Ağır Atletlər» İctimai Birliyi olaraq Vasili İvanoviçin ölümündən kədərləndiyimizi bildirir, ailə üzvlərinə dərin hüznlə başsağlığımızı veririk.

Allah rəhmət eləsin!

Paylaş
Şərh yaz