Bu gün Ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilir. Türkiyənin Antalya şəhərində keçirilən bu mötəbər yarışda Azərbaycan milli komandasının üzvləri də çıxış edirlər. Ümumilikdə isə, bu turnirə 36 ölkədən 110 qadın və 165 kişi olmaqla 275 idmançı qatılıb.
Komandamızın iki üzvü bu gün körpücük üzərinə çıxacaq. Əvvəlcə, qadınların yarışında çəkisi 48 kq-a qədər olan idmançılar medallar uğrunda mübarizə aparacaqlar. Bu çəkidə ölkəmizi Silviya Angelova təmsil edəcək. O, Bakı vaxtilə axşam saat 19.30-da körpücük üzərinə çıxacaq.
Kişilərin yarışında isə Valentin Xristov qızıl medal qazanmağa çalışacaq. Gənc atletimiz 56 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Ötən il Parisdəki dünya çempionatında həm bürünc medal qazanmaqla, həm də 9 dünya və Avropa rekordunu yeniləməklə adını tarixə yazdırmışdı. O, indi də Avropa çempionu olmaq üçün mübarizə aparacaq. Onun çəki dərəcəsi üzrə yarışlar Bakı vaxtı ilə 22.00-da başlayır.
Hər iki idmançımıza uğurlar arzulayırıq.
Qeyd edək ki, yarışın nəticələri saytımızda onlayn olaraq sizə çatdırılacaqdır.