Azərbaycan Ağır Atletika milli komandası 2012-ci il London Olimpiadasına daha bir lisenziyanı təmin etdi. Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən qadın atletlərimiz bu imkanı əldə etdi. Lisenziya yarışında bütün rəqiblərini üstələyən qadın komandamız 1-ci pilləni tutdu və bu il Londonda keçiriləcək Olimpiadaya millimizin ümumilikdə 6-cı vəsiqəsini rəsmiləşdirdi.
Ötən ilin noyabr ayında Fransanın Paris şəhərində keçirilən dünya çempionatında ağır atletika milli yığmamız London Olimpiadasına 5 vəsiqə qazanmışdı.
Bu, 2010-cu ildə Antalya qazanılan 69 xal və Parisdəki yarışda bura əlavə edilən 93 xal, toplamda 162 xalla mümkün olmuşdu. Ancaq bu vəsiqələr yalnız kişi idmançılarımızın adına idi. Yəni Olimpiadaya bu xalla Azərbaycan 5 kişi ağır atletlə qatıla bilər və turnir başlayana qədər bu rəqəmi artırmaq üçün heç bir yarış yoxdur.
Qadınlarda isə vəziyyət bir qədər fərqli idi. Türkiyədəki dünya çempionatında cəmi 7 xal toplayan qadınlarımız, Fransada birdən-birə 61 xal qazansalar da, bu, Olimpiada lisenziyası üçün yetərli olmamışdı. Cəmdə 68 xal ümumi hesabda yalnız 30-cu olmağımıza şərait yaratdı. Lisenziyalar isə yalnız 22-ci yerdən yuxarı pillələrdə qərarlaşan ölkələrə verilirdi.
Kişilərdən fərqli olaraq, qadınlarda əlavə lisenziya qazanmaq üçün bir imkan vardı. Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında lazımi xalların toplanması – komanda hesabında ilk altılığa düşmək yetərli idi – halında Azərbaycan qadın atletləri London Olimpiadasına bir vəsiqəni təmin edə bilərdilər.
Sevindirici haldır ki, məhz belə də oldu. Əvvəlcə, Silviya Angelova 48 kq çəki dərəcəsində bürünc medalı qazandı. Xal hesabımızı ilk olaraq məhz o artırdı. Angelovanın bürünc medalı xal baxımından qızıla bərabər idi. Çünki ilk iki yeri tutan Polşa və Türkiyə idmançıları lisenziyaları Parisdəki DÇ-də təmin etmişdilər və bu yarışda sadəcə, titul uğrunda mübarizə aparırdılar. Bu səbəbdən də Angelova hesabımıza qızıl medal üçün verilən 28 xalı əlavə etdi.
Daha sonra Boyanka Kostova 58 kq çəki dərəcəsində qızıl medalı boynundan asaraq, daha 28 xal qazandı və 56 xala çatdıq.
Daha bir idmançımız – Alyona Kiriyenko 69 kq çəki dərəcəsində ümumi hesabda 9-cu olsa da, lisenziya xalları yarışında 5-ci oldu. Bu da daha 22 xal demək idi.
Son yarış günündə Yuliya Dovqal körpücük üzərinə çıxdı. +75 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın az qala istənilən nəticəsi bizə Olimpiadasına vəsiqəni təmin edəcəkdi. Yuliya bürünc medal götürərək xallarımızın üzərinə daha 28 xal (ilk iki yeri tutan ruslar lisenziya yarışında iştirak etmirdilər) əlavə etməklə komanda şəklində uğurumuzu təmin etdi. Toplamda qazanılan 106 xal qadın milli komandamızı lisenziya yarışında 1-ci pilləyə qaldırdı.
Bu o deməkdir ki, Azərbaycan Ağır Atletika yığma komandası London Olimpiadasına 6 idmançı (5 kişi + 1 qadın) ilə təmsil olunacaqdır.
Bütün idmansevərlərimizi bu uğur münasibətilə təbrik edir, qələbələrin davamının Londonda gəlməsini arzulayırıq!