Milli komandamızın Olimpiadadakı çıxışının yekunu: Valentin Xristov

Böyük Britaniyanın paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarının ağır atletika üzrə yarışları başa çatdı. Hər bir çəki dərəcəsində gərgin və maraqlı mübarizəyə şahidlik etdik. Dünyanın diqqət mərkəzində olan Olimpiada bizim üçün bir çox təəssüratlarla yadda qaldı. Xüsusilə, milli komandamızın tarixində ilk dəfə medal qazanması ağır atletikamız üçün müsbət məqam sayıla bilər. Bu gündən başlayaraq sizi idmançılarımızın Olimpiadadakı çıxışı ilə ayrı-ayrılıqda, daha yaxından tanış edəcəyik.

Valentin Xristov – ilk Olimpiya medalçımız!

56 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımıza ümidlərimiz böyük idi. 18 yaşı olmasına baxmayaraq, artıq dünya çempionatının bürünc, Avropa çempionatının da qızıl medalçısı olmuş Valentin, Londona da uğur dalınca getmişdi. Sevindiricidir ki, o, istəyinə nail ola bildi.

Valentin birdən qaldırma hərəkətində əvvəlcə 123, sonra isə 127 kq-ı başı üzərinə qaldırdı. Üçüncü cəhdində sifariş verdiyi 130 kq-ı ram edə bilmədiyindən bu hərəkətdə 4-cü pillədə qərarlaşdı.

Təkanla qaldırma hərəkəti bizim üçün daha uğurlu alındı. Gənc atletimiz əvvəlcə 154 kq-ı rahat qaldırdı. Daha sonra 158 kq-a gücü çatmayan Xristov, ruhdan düşmədi və 159 kq sifariş verdi. Bu çəkini qaldırmağı bacaran Xristov, bürünc medal qazandı. Toplamda əldə etdiyi 286 kq-lıq nəticə, Azərbaycan Ağır Atletika tarixində yeni bir tarixin yazılması demək oldu.

Xristov həm də müstəqil Azərbaycan Respublikasının idman tarixində Olimpiya medalı qazanan ən gənc atlet oldu. Onun bu uğurunu ölkə başçımız, cənab İlham Əliyev də öz ailəsiylə birlikdə tribunadan izlədi. Ona göstərilən etimad və bu qədər böyük dəstəyi doğruldan Valentin çoxlu təbriklərə layiq görüldü. Dövlət başçımız şəxsən onunla görüşdü və qazandığı nəticəyə görə təşəkkürünü bildirdi. Həmçinin cənab prezident Xristovdan gələcəkdə daha böyük uğurlar gözlədiyini də vurğuladı.

Maraqlıdır ki, 56 kq çəki dərəcəsində daha bir, ağır atletikada nadir rastlanan hallardan biri baş verdi. Belə ki, Olimpiadanın qızıl medalına yarışların “B” qrupunda mübarizə aparan şimali koreyalı Çol Yun Om layiq görüldü. O, 293 kq nəticəylə qalib adını qazandı. Om birdən qaldırmada 125 kq, təkanla qaldırmada isə Olimpiya rekordu qıraraq 168 kq nəticə göstərdi.

Gümüş medala isə çinli Vu Jinbao 289 kq (133 kq + 156kq) layiq görüldü.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action

Paylaş
Şərh yaz