Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı davam edir. Kristina Yovunun 53 kq çəki dərəcəsində gümüş medal qazanmasından sonra bütün diqqətlərimiz Valentin Xristova yönəlmişdi. Olimpiya mükafatçımız 62 kq çəki dərəcəsində mübarizə apardı.
Valentin birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla bitirdi. 19 yaşlı atletimiz əvvəlcə 136, daha sonra 139, sonda isə 141 kq-ı ram edərək bu hərəkətdə bürünc medala yiyələndi.
Təkanla qaldırma hərəkətinə Xristov 170 kq-la başladı və ilk cəhdini uğurla yerinə yetirdi. Təəssüf ki, atletimiz sonra sifariş verdiyi 176 kq-ı növbəti iki cəhddə ram edə bilmədi. Buna baxmayaraq, Valentin bu hərəkətdə də bürünc medal qazandı.
Toplamda 311 kq (141 kq + 170 kq) nəticə göstərən Valentin Xristov, iki “kiçik” bürünc medalla yanaşı, ümumi sıralamada 4-cü yeri tutdu.