– Azərbaycan Prezidenti İlham Əliyevin mənzil hədiyyə etdiyi idmançılar arasında sən də varsan. Bu münasibətlə səni təbrik edirik. Hansı hisslər keçirirsən?
– Mən də öz növbəmdə diqqətinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun. Açığı, hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Təbii ki, ora gedəndə nitq hazırlamışdım. Amma görüş zamanı cənab Prezident mənim və ailəmin uğurları haqda məlumatlı olduğunu deyəndə, böyük həyəcan və qürur hissi keçirdim. Bu sözlər məni o qədər həyəcanlandırdı ki, hazırladığım nitqi belə unutdum. Etiraf edim ki, dövlət başçımızın əlindən belə hədiyyəni almaq ən böyük arzum idi. Yəni, Prezidentimizin təqdim etdiyi hədiyyə mənim üçün həqiqətən ali mükafat oldu. Mənə nəsib olduğuna görə, Allaha min dəfə şükür edirəm.
– Uğurlarında kimlərin rolu var?
– Ailəm, məşqçilərim həmişə mənə dəstək olublar. Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyindən daima dəstək görmüşəm. Məhz rəhbərliyimizin köməyi sayəsində məşq prosesində lazımi idman qurğuları və ləvazimatlarla təmin olunuruq. Biz idmançılar üçün yaradılan ümumi şəraiti, daim əhatə olunduğumuz diqqəti də xüsusi qeyd etməliyəm. AAAF-ın prezidenti Cahangir Əsgərova buna görə, təşəkkür edirəm. Əlbəttə ki, ən böyük təşəkkürümü dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə bildirirəm. O, idmana və idmançılara çox böyük qayğı və diqqət nümayiş etdirir. Bunun nəticəsidir ki, idmançılarımız ilbəil rekord sayda medallar qazanaraq ölkəmizə gətirir. Dünyanın idman arenalarında Azərbaycanın adını yüksək tuturlar.
– 2013-cü ili özün üçün necə xarakterizə edərdin?
– Çox düşərli və uğurlu oldu. Ötən ilin dekabr ayından bu yana üç böyük yarışda iştirak etdim – İWF-in qran –pri seriyasından olan Beynəlxalq Bakı Kuboku, Avropa çempionatı və İslam Həmrəylik Oyunları. Hər üçündə bürünc medal qazandım. Əziyyətimin bəhrəsini gördüm. Çox şadam ki, Prezidentimiz çəkdiyim zəhməti belə yüksək səviyyədə qiymətləndirdi. Ona bir daha təşəkkür edirəm.
– İl ərzində qazandığın uğurlar nə ilə bağlıdır?
– Yığmamızın baş məşqçisi Zlatan Vanev müsahibələrində bir neçə dəfə etiraf edib ki, idmançılarımız arasında xarakter nümayişi və mübarizlik kimi keyfiyyətlər məhz məndə var. Yəni atlet var ki, zalda dünya rekordu edir, ancaq yarışa gələndə, məşqdəkindən qat-qat aşağı nəticə göstərir. Mən isə əksinə, yarışda məşqdə qaldırdığım çəkinin eynisini, hətta ondan artığını da qaldıra bilirəm. Bu xüsusiyyətim yığmanın baş məşqçisi Zlatan Vanevin də gözündən yayınmayıb. Zənnimcə, məhz bu xüsusiyyətimə görə, o mənə etimad göstərir, yarışlara aparır. Çox güman ki, əldə etdiyim yaxşı nəticələrin səbəbi psixoloji cəhətdən güclü olmağımdadır.
– İdmançı ailəsindənsən. Qardaşların da vaxtilə beynəlxalq yarışlarda uğurlar qazanıblar. Yəqin ki, qələbə qazanmağında bu fakt da az rol oynamır. Əks halda, yarışdan sonra belə ailəyə məğlub qayıtmaq elə də asan olmaz…
– Tamamilə doğrudur. Ən böyük qardaşım Hafiz Süleymanov ikiqat dünya çempionu, dünya rekordçusu, 5 qat Avropa çempionudur. Ailədə bir nəfər uğur qazandısa, digərləri də ona baxıb təkrarlamağa çalışırlar. Üstəlik, valideynlərimiz də bizə dəstək oldular. Hafizdən sonra o biri qardaşım da idmana getdi, sonra mən… Bildiyimə görə, indiyədək dünya idman tarixində Avropa və dünya çempionatlarından medal gətirən dörd qardaş olmayıb. Bizim ailə bu mənada rekord vurub. Üç qardaş, bir ata iki oğul olub, ancaq dörd qardaş yox. Bunu biz Süleymanovlar etdik.
– 2014-cü ildə hədəfin nədir?
– Sözün açığı, bir müddət əvvəl karyeramı bitirmək haqda düşünürdüm, bu idmandan küsmüşdüm bir qədər. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mənə verdiyi bu mükafat, üstəlik, illər öncə qardaşımı da eyni cür təltif etdiyini xatırlaması mənə böyük stimul oldu. Ağır atletikada daha bir neçə il qalıb uğurlar qazanmaq istəyirəm.
www.aaaf.az