Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirildi

Ağır Atletika Akademiyasının idman arenasında baş tutan tədbirdə Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov çıxış edib. O, Azərbaycan idmanının, xüsusilə də ağır atletikanın son illərdəki uğurlarını dilə gətirərək, bundan məmnunluğunu qeyd edib. İdmançılarımızın 2013-cü ildə müxtəlif beynəlxalq yarışlardan 700-dən çox medal gətirdiyini və onların arasında ağır atletlərin də payının böyük olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, ağır atletika üzrə Azərbaycan Çempionatı həmişəki kimi yüksək səviyyədə keçirilir. “Dövlət qayğısı, AAAF-ın yaratdığı ən yaxşı şərait sayəsində ağırlıqqaldıranlarımız 2014-cü ildə də uğurlarının davamını gətirə biləcəklər” deyən İsmayıl İsmayılov, turnirin bütün iştirakçılarına uğurlar diləyib.

Daha sonra Azərbaycan Respublikasının himni səslənib və dövlət bayrağımız qaldırılıb.

Paylaş
Şərh yaz