Azərbaycan milli komandasını Qran-Prinin mütləq qalibi oldu!

5-8 dekabr tarixləri arasında Bakıda Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kuboku keçirildi. Ağır Atletika Akademiyasının İdman Mərkəzində baş tutan bu turnir artıq ikinci dəfə idi ki, dünya ağır atletika ictimaiyyətinin diqqət mərkəzinə düşür.

Budəfəki yarışda 24 ölkədən 60 atlet körpücük üzərinə çıxdı. 4 çəki dərəcəsində – qadınlarda 53 və 58 kq, kişilərdə 62 və 69 kq – mübarizə aparan idmançılar tamaşaçılara maraqlı anlar yaşatdılar. Dünyanın ən güclü atletləri sırasında olan ağırlıqqaldıranların iştirak etdiyi Qran-Pridə Azərbaycan milli komandasının üzvləri də çıxış etdilər. Sevindiricidir ki, komandamız bu mötəbər yarışın mütləq qalibi adını qazandı.

Qadınların komanda yarışında Azərbaycan milli komandası 1-ci yeri tutdu. Kristina Yovunun 53 kq çəki dərəcəsində qızıl, eyni çəkidə Yuliya Derkaçın gümüş medal qazanması ölkəmizi turnirin lideri etdi. 58 kq-da Silviya Angelova və Mərziyyə Məhərrəmovanın da çıxışları ilə komandamız toplamda 265 xalla 1-ci oldu. İkinci yeri 140 xalla Rumıniya, üçüncülüyü isə 138 xalla Ukrayna yığması qazandı.

Qadınlarımız medal sayında da 5 medalla – 3 qızıl, 2 gümüş – hamını üstələyiblər. İkinci pillədə 4 medalla – 2 qızıl, 2 gümüş – Çin, üçüncü yerdə isə 3 medalla – 1 qızıl, 2 gümüş – Rumıniya atletləri qərarlaşdılar.

Qadınların fərdi mübarizəsində Kristina Yovu turnirin ən yaxşı atleti seçildi. O, toplamda 208 kq (95 kq + 113 kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 314,0887 xal qazanıb və ən yaxın izləyicilərini təxminən 10 xal qabaqlayıb. İkinci yeri Çinli Venq Şuay (302,5176 xal), üçüncülüyü isə rumıniyalı Elena Toma (299,6475 xal) tutub.

Kişilərin komanda yarışında da Azərbaycan milli komandası 1-ci yeri tutdu. Valentin Xristovun 62 kq çəki dərəcəsində qızıl, eyni çəkidə Yuri Dudoqlonun gümüş, 69 kq çəki dərəcəsində Firudin Quliyevin qızıl medal qazanması ilə ölkəmiz Qran-Prinin aşkar lider adını qazandı. Bu nəticələrlə Azərbaycan yığması 243 xalla ən yaxşı komanda oldu. İkinci yeri bizdən təxminən iki dəfə az – 126 xal qazanan Çin, üçüncülüyü isə 119 xalla Macarıstan yığması qazandı.

Kişilərimiz medal sayında da şəksiz qalib oldular. Komandamız 9 medalla – 6 qızıl, 3 gümüş – rəqiblərini bir baş üstələyiblər. İkinci pillədə 3 medalla – 2 gümüş, 1 bürünc – Rusiya, üçüncü yerdə isə 1 medalla – 1 gümüş – Polşa atletləri qərarlaşdılar.

Kişilərin şəxsi mübarizəsində isə üç ən yaxşı atletin üçü də Azərbaycan milli komandasının üzvü oldu. 62 kq çəki dərəcəsində Qran-Prinin ikiqat qalibi adını qazanan Valentin Xristov turnirin ən yaxşı atleti seçildi. O, toplamda 292 kq (127 kq + 165 kq) nəticə ilə Sinkleyr cədvəli üzrə 426,0584 xal qazandı. İkinci yeri Qran-Prinin digər ikiqat qalibi olan, 69 kq çəki dərəcəsində bütün rəqiblərini rahatlıqla üstələyən Firudin Quliyev toplamda 305 kq (135 kq + 170 kq) nəticə və 413,9474 xalla tutdu. Üçüncü yeri isə 62 kq çəki dərəcəsində gümüş medal qazanan Yuri Dudoqloya qismət oldu. O, toplamda 283 kq (126 kq + 157 kq) nəticə 411,7159 xal qazana bildi.

Paylaş
Şərh yaz