Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişdir

AzərTAc xəbər verir ki, dekabrın 19-da Qusarda 2013-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Mərasimdə nitq söyləyən Azərbaycan Prezidenti 2013-cü ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu deyib. “2012-ci ildə Olimpiya Oyunlarında qazanılmış qələbələr 2013-cü ildə davam etmişdir. Azərbaycan idmançıları Tələbələrin Yay Universiadasında böyük uğurlara imza atmışlar – komanda hesabında 15-ci yerə layiq görülmüşlər, 16 medal qazanmışlar. Ümumiyyətlə, ölkə idmançıları 780-dən çox medal qazanmışlar ki, onlardan 280-ni qızıl medaldır. Eyni zamanda, Olimpiya idman növləri üzrə dörd dünya çempionumuz olmuşdur. Bu da çox böyük göstəricidir.
Azərbaycan idman dövlətidir. Bunu artıq dünya idman aləmi etiraf edir, qəbul edir. Əlbəttə ki, idmanın dayanıqlı inkişafı üçün çox böyük işlər görülür. Azərbaycanda mütəmadi qaydada beynəlxalq yarışlar, dünya, Avropa çempionatları keçirilir. Yeniyetmələr, gənclər idmana böyük maraq göstərirlər. İndi idmanla məşğul olmaq üçün bizim gözəl imkanlarımız vardır. Qırx regional olimpiya mərkəzi fəaliyyət göstərir. Bölgələrdə beş mərkəz tikilməkdədir, beş mərkəzin tikintisi nəzərdə tutulur. Beləliklə, bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatacaqdır.
2015-cü ildə birinci Avropa Oyunları, iki il sonra – 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcəkdir. Azərbaycan yeganə ölkə olacaqdır ki, həm Avropa, həm İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Əminəm ki, bu oyunlar həm Avropanı, həm İslam aləmini biri-birinə daha da yaxın edəcəkdir. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük. Dünyanı, qitələri, xalqları, sivilizasiyaları birləşdirən ölkələrdən biri də Azərbaycandır. İdman isə hər bir ölkənin ümumi inkişaf potensialını göstərir. Əgər idman sahəsində aparıcı ölkələrə nəzər salsaq görərik ki, onların arasında mütləq əksəriyyət inkişaf etmiş ölkələrdir. İnkişaf etmiş ölkələrdə idman da güclü olur.
Azərbaycan bu gün sürətlə inkişaf edən ölkədir. Gələcəkdə inkişaf etmiş ölkəyə çevriləcəkdir. İdman isə bizim gücümüzü göstərir. İdmançılar ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı göylərə qaldırırlar. Onların qələbələri hər birimizin qəlbində gözəl əks-səda verir. 2013-cü il də bu sahədə uğurlu il olmuşdur. Biz hər ilin sonunda idmançıları mükafatlandırırıq, onlara mənzillər verilir. Bu da gözəl ənənəyə çevrilibdir. Bu ənənə bu gün də davam etdiriləcəkdir”.
Sonra Prezident İlham Əliyev müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə idmanın inkişafına töhfə verən bir qrup idmançıya və idman xadiminə yeni mənzillərin orderlərini, habelə Milli Olimpiya Komitəsinin fəxri fərmanlarını təqdim etdi.

 

ev2

ev3

 

Yeni mənzillərin orderləri təqdim olunanlar arasında ağır atletika üzrə İslam Olimpiya Oyunlarının bürünc mükafatçısı Zülfüqar Süleymanov da var.

ev4

Paylaş
Şərh yaz