Lənkəran Usta Ağır Atletlər arasında 22-ci kişilər və 20-ci qadınlar Avropa çempionatını qəbul edir
Azərbaycanda bütün idman növləri yüksək sürətlə inkişaf edir. Azərbaycan Respublikasının prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevin şəxsi qayğısının nəticəsində idmançılarımız dünyanın bütün nöqtələrində uğurlar qazanır, ölkəmizin bayrağınının yüksəlməsini və himnimizin səslənməsini təmin edir. Son illər Azərbaycan dünya və Avropa səviyyəli mötəbər turnirlər təşkil edir və bu işdə böyük irəliləyişlərə nail olunub.
Artıq bu ənənə ağır atletika idman növündə də davam edəcək. Azərbaycan Respublikası “Veteran Ağır Atletlər” İctimai Birliyi (ARVAA) və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) müstəqillik tariximizdə ilk dəfə qitə səviyyəli turnir təşkil edəcəkdir.
2010-cu ilin 15-22 may tarixində Avstriyanın Linç şəhərində 33 ölkənin 641 atletinin iştirakı ilə Usta Ağır Atletlər arasında XX Avropa çempionatı keçirilmişdir. Avropa çempionatı ərəfəsində (19.05.2010) 32 dövlətin iştirakı ilə keçirilən konqressdə 2012-ci ildə XXII Avropa çempionatının Azərbaycanın Lənkəran şəhərində keçirilməsi məsələsi səsə qoyularaq (19 ölkə lehinə, 13 ölkə isə bitərəf) qəbul edilmişdir.
Bu qərarı əminliklə tarixi adlandırmaq olar. Kişi Usta Ağır Atletlər arasında 22-ci, qadınlar arasında isə 20-ci Avropa çempionatının Azərbaycanda keçirilməsi böyük qürur mənbəyidir. Lənkəran şəhərində baş tutacaq bu mötəbər yarış gələcəkdə digər beynəlxalq çempionatların ölkəmizdə keçirilməsi üçün münbit şərait yaradacaqdır.
Çempionatın paytaxtda yox, regionda keçirilməsi də diqqətçəkən məqamdır. Bununla da Ağır Atletika Federasiyası yarışı mərkəzdən kənarda təşkil etməyi bacardığını Avropa ictimaiyyətinə nümayiş etdirmiş olacaqdır. Bu da növbəti dəfə yüksək səviyyəli turnirlərin Azərbaycana verilməsində öz müsbət rolunu oynayacaqdır.
Yarışlar Lənkəran Şəhər İdman Olimpiya Kompleksində 2-9 iyun tarixləri arasında keçiriləcəkdir. Çempionata Avropa və dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox qonaq qatılacaq. Qonaqlar Lənkərandakı “Palmalife Lenkaran Resort”, “AB Gala” və “Palidli Deluxe Sahil” mehmanxanalarında yerləşdiriləcəklər. İştirakçıların maksimum rahatlığı üçün bütün işlər görülüb və onların Azərbaycandan razı ayrılması üçün hər cür şərait vardır.
Əminik ki, bu Avropa çempionatı nümunəvi şəkildə keçiriləcək və Azərbaycanda ümumilikdə ağır atletikanın inkişafına öz müsbət təkanını verəcəkdir.