“Zirvə” İdman Klubunun üzvü bir qızıl və bir bürünc medal əldə etdi
Yeniyetmələr arasında 9-cu Avropa çempionatı davam edir. Polşanın Çexanov şəhərində keçirilən yarışda bu gün həmyerlimiz Elxan Əliquluzadə körpücük üzərinə qalxıb. “Zirvə” İdman Klubunu yetirməsi iki hərəkətin cəmində bürünc medala yiyələnib. Ancaq təkanla qaldırmada ona çatan olmayıb.
Lənkəranlı idmançının birdən qaldırmada medal qazana bilməyib. Ancaq burada çox diqqətçəkən məqam olub. Belə ki, 16 yaşlı gəncimiz erməni ağırlıqqaldıran Harutyun Kadımyanı ilk cəhddəcə üstələyib. Düşmən ölkənin idmançısı üç cəhddə ən çoxu 110 kq qaldırıb. Elxan Əliquluzadə isə elə ilk cəhdində 112 kq çəkini başı üzərinə qaldırıb və düşmənimizə yerini göstərib. Afərin!
Digər tərəfdən bir gün əvvəl həmyerlisi – Lənkəranlı Paşa İbrahimlinin (o, hər iki növdə, eyni zamanda toplamda – cəmi üç qızıl medal qazanmışdı) uğurunu davam etdirə bilməyən Əliquluzadə, 116 kq çəkini qaldıra bilməyib. Elxanın bunun üçün ikinci dəfə körpücüyə qalxması da öz bəhrəsini verməyib və idmançımız 4-cülüklə kifayətlənməli olub.
Ruhdan düşməyən pəhləvanımız təkanla qaldırmada əsl fırtına kimi əsib və rəqiblərinə aman verməyib. İlk cəhdində 137, daha sonra isə 146 kq-ı başı üzərinə qaldıran Əliquluzadə bu növdə qızıl medal qazanıb. Elxan ştanqı qaldırarkən rəqiblərinin hamısından daha güclü olduğunu sübut etdi. Gənc və istedadlı idmançımız bu qələbəsiylə böyük potensialını bütün Avropaya nümayiş etdirdi. Əliquluzadənin uğuru məşqçiləri və ümumilikdə klubunun sərf etdiyi böyük əməyin nəticəsidir.
Qeyd etmək lazımdır ki, Elxanın şəxsi məşqçisi öz atası Teymur Əliquluzadədir. “Zirvə” İdman Klubunun Lənkəran bölməsində çalışan bu mütəxəssisin gördüyü iş göz qabağındadır. Həm o, həm də bizlər onun oğlu ilə fəxr edə bilərik.
152 kq çəki sifariş edərək ümumi hesabda da qızıl medal qazanmaq istəyən Elxan Əliquluzadənin bu cəhdi uğursuz alınıb. Hər halda o, növbəti yarışlarda daha böyük qələbələr əldə edə biləcəyini göstərib. Ümid edirik ki, qarşıdakı daha böyük turnirlərdə “Zirvə” İdman klubunun üzvü olan Elxan, bu dəfə olduğu kimi dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldıracaq, himnimizin səslənməsi üçün əlindən gələni edəcək. Təbrik edirik!