Üç qat Olimpiya çempionu, 5 qat dünya çempionu, 9 qat Avropa çempionu olmuş Halil Mutlunun Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi:
– Turnirin təşkilatçılığı haqda nə deyə bilərsiniz?
– Məncə, hər şey qaydasındadır. Nəzərə alsaq ki, bu il Olimpiada ilidir, turnirin iştirakçı sayını da qənaətbəxş hesab etmək olar. Yarış yaxşı səviyyədə təşkil olunub. Düzdür, xırda çatışmazlıqlar da ola bilər. Ancaq bunlar təbii şeydir. Bu haqda fikri qonaqlarımız daha yaxşı deyə bilər. Mənim fikrimcə, hər şey yaxşıdır. Türk qonaqpərvərliyimizi bütün qonaqlarımıza göstərməyə çalışırıq. Medallar uğrunda mübarizə isə sona qədər davam edir. 53 kq çəki dərəcəsində qadınların mübarizəsinə şahidlik etmək xoş idi. Sona qədər birdən-birə 8 idmançı medal şansını saxlayırdı. Böyük zövq verən yarış izləyirik.
– Yarışlar demişkən, bizim idmançımız Valentin Xristov qızıl medal qazandı. Nəzərə alaq ki, o, vaxtilə sizin çıxış etdiyini çəkidə mübarizə aparır, onun haqqında nə deyə bilərsiniz?
– Çox istedadlıdır. Bu, aşkar görünür. Gənc olmasına baxmayaraq, çox güclüdür. Həm də ki, uzun illərdir, bu çəkidə Olimpiadalarda Avropanı təmsil edən idmançı yox idi. Bizim qitədən olan birisinin belə uğurla çıxış etməsi çox gözəldir. Xristov London Olimpiadasında çinliləri çox narahat edəcək.
– Valentinin medal şansını necə qiymətləndirirsiniz?
– O, medalı artıq təmin edib. Buna əmin ola bilərsiniz. Qalır o medalın əyarını öyrənmək. Qızıl, gümüş və bürünc olacağını deyə bilmərəm, ancaq medal alacağı dəqiqdir. Mən belə düşünürəm. Buradakı çıxışını izləyəndə görünür ki, hazırkı nəticələri rahat qazandı və hər yanaşmasına azı 5 kiloqram da əlavə edə bilər.
– O, gənclər arasında Avropa rekordlarını yenilədi. Deyəsən, növbədə sizin rekordlarınızdır…
– İnşallah! Bu, gec-tez olacaq. Yaşayarıq, görərik. Təbii ki, bir rekord sahibi kimi deyə bilərəm ki, mənim üçün bu nə qədər gec baş versə, bir o qədər yaxşıdır.
– Yəni, Xristovu qısqanmırsız…
– Xeyr. Bu idmandır. Yenmək də var, yenilmək də. O, gəncdir, hələ böyük qələbələri qabaqdadır. Rekordumu da o qırarsa, onun adına sevinərəm. Xristova uğurlar arzulayıram.