Prezident İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul etmişdir.
Tomaş Ayan Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirərək, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Federasiyanın prezidenti 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi qələbə münasibətilə dövlət başçısını təbrik etdi.
Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı Sinqapurda keçirilən Yeniyetmələrin I yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdiyi uğurları ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin nəticəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda məşhur olan idmanın bu növünün daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Dövlət başçısı Beynəlxalq Ağır Atletika Federasiyasının Azərbaycanda ağır atletikanın inkişafına göstərdiyi dəstəyə görə Tomaş Ayana təşəkkürünü bildirdi.