Medal sayına görə hamıdan güclü olduq!
Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması Polşanın Çexanov şəhərində keçirilən 9-cu Avropa çempionatında möhtəşəm uğura imza atmışdır. Gənc idmançılarımız 6 qızıl və 4 bürünc medalla medal sıralamasında Avropanın ən yaxşısı adını qazanmışdır. İkinci pillədə Belarus, üçüncü isə Rusiya yığması olmuşdur. Mənfur qonşularımız Ermənistan yığması yalnız 5-ci yerlə kifayətlənmişdir.
Ümumilikdə 10 medal qazanan pəhləvanlarımız Azərbaycan yığmasının 515 xalla komanda hesabında ikinci yerə çıxmasını da təmin etmişdir. Bu nominasiyada yalnız 566 xal toplayan Rusiya idmançılarından geri qaldıq. Qürurverici andır ki, düşmən dövlət Ermənistan cəmi 498 xal toplayaraq bizdən sonrakı pilləni tutmuşdur.
85 kq çəki dərəcəsində yarışan idmançımız Nailxan Nəbiyev Sinkleyr cədvəli üzrə yarışda 395,9 xalla Avropa ikincisi olmuşdur.
Bu möhtəşəm nəticəyə görə ölkəmizin bütün idmansevərləri təbrik edir, uğurların davamının gəlməsini arzu edirik. Fəxr etdiyimiz yığmanın bütün məşqçi heyətinə, idmançılara, ümumiyyətlə, bu uğurda payı olan hər kəsə himnimizin Avropada səslənməsi, bayrağımızın yüksəlməsini təmin etdiklərinə görə təşəkkür edirik.
Medalçılarımızın siyahısı:
50 kq çəki dərəcəsi – Allahyar Abışov (“Təhsil” Respublika İdman Mərkəzi) – iki bürünc medal
56 kq çəki dərəcəsi – Paşa İbrahimli (“Zirvə” İdman Klubu) – üç qızıl medal
62 kq çəki dərəcəsi – Elxan Əliquluzadə (“Zirvə” İdman Klubu) – bir qızıl və bir bürünc medal
85 kq çəki dərəcəsi – Nailxan Nəbiyev (“Gənclik” İdman Klubu) – iki qızıl və bir bürünc medal