Milli komandamız London Olimpiadasına 5 lisenziya qazandı!

Ağır atletika üzrə milli komandamız Fransadakı dünya çempionatındakı çıxışına yekun vurub. Paytaxt Paris şəhərində 5-13 noyabr tarixlərində keçirilən kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında iştirak edən yığmamız möhtəşəm nəticə qazanıb. Bu çempionatda qazandığımız xallar hesabına ağır atletika üzrə milli komandamız 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiadasına 5 lisenziya əldə edib.

Bu günə qədər Azərbaycan idmançıları cəmi 23 lisenziya qazanmışdı və ağır atletika yığmamız onların sayını 28-ə çatdıraraq irəliyə doğru çox böyük addım atmış oldu. Əminik ki, bu lisenziyalar bizə daha çox medal qazanmaq şansı verəcəkdir.

Azərbaycan ağır atletikasının gələcəyi parlaqdır. İdmançılarımızın Parisdəki çıxışları buna əyani sübutdur. Böyük mübarizlik, əzm və şücaət nümayiş etdirən yığmamızın üzvləri bir komanda kimi nəyə qadir olduqlarını hamıya göstərdilər. Bu dünya çempionatının lisenziya xarakterli olduğunu nəzərə alan atletlərimiz bütün fikirlərini təkcə medal qazanmağa yox, həm də lisenziyalarımızın sayını artırmağa yönəltdilər. Bunun üçün soyuq başla hərəkət edən milli komandamızın üzvləri qarşılarına real hədəflər qoyaraq onlara nail oldular.

Yarışların ilk günündən atletlərimizin yanında olan və onlara mənəvi dəstək verən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərovun da bu uğurda böyük rolu vardır. Onun və ümumilikdə bütün nümayəndə heyətimizin dəstəyini hiss edən idmançılarımız daha böyük əzmlə çalışaraq qarşıya qoyulan məqsədə çatmış oldular.

Ağır və uzunmüddətli məşqlərdən usanmayan, hər yanaşmasında var gücünü ortaya qoyan atletlərimizin bu əzmkarlığını alqışlamaq lazımdır.

Parisdəki yarışa qədər milli komandamızın ehtiyatında 69 xal var idi. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında əldə etdiyimiz bu xallar bizə 4 Olimpiya lisenziyası verirdi. Fransadakı mundialda biz bu reytinqimizi təsdiqləməli və imkan olunca onu daha da artırmalı idik. Məhz belə də oldu.

Parisdə atletlərimiz bir il əvvəlkindən daha yaxşı çıxış edərək 93 xal qazandılar. Toplamda əldə etdiyimiz 162 xal bizə London Olimpiadasında kişilərin yarışında 5 idmançı ilə təmsil olunmaq imkanı verdi.

Onu da vurğulayaq ki, lisenziya sayı baxımından Azərbaycan milli komandası Ermənistanı qabaqladı. Düşmən ölkənin idmançıları cəmi 131 xal qazanaraq 4 lisenziya ilə kifayətlənməli oldular.

Qadınların yarışında ümumi sıralamada 30-cu yeri tutduq. Parisdə Antalyadakı dünya çempionatından qat-qat yaxşı çıxış etdik. Bir il əvvəl cəmi 7 xal qazanmışdıqsa, Fransada buraya daha 59 xal əlavə etdik. Ancaq təəssüf ki, toplamda əldə etdiyimiz 66 xal bizə London Olimpiadasına lisenziya qazanmaq imkanı vermədi.

Paylaş
Şərh yaz