Böyük Britaniyanın paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarının ağır atletika üzrə yarışları başa çatdı. Hər bir çəki dərəcəsində gərgin və maraqlı mübarizəyə şahidlik etdik. Dünyanın diqqət mərkəzində olan Olimpiada bizim üçün bir çox təəssüratlarla yadda qaldı. Xüsusilə, milli komandamızın tarixində ilk dəfə medal qazanması ağır atletikamız üçün müsbət məqam sayıla bilər. Sizi idmançılarımızın Olimpiadadakı çıxışı ilə ayrı-ayrılıqda, daha yaxından tanış edəcəyik.
Boyanka Kostovaya medal üçün 2 kq çatmadı
XXX Yay Olimpiya Oyunlarında çıxış edəcək yeganə qadın ağır atletimiz Boyanka Kostova da Londona ümidlərlə yollanmışdı.
58 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız güclü rəqiblərinin öhdəsindən gəlməliydi. Əslində o, birdən qaldırmada bu işi bacarmaq gücündə olduğunu göstərdi. Əvvəlcə 100, sonra 103, sonda isə 105 kq-ı başı üzərinə qaldıran Kostova, hər üç cəhdini uğurla yerinə yetirərək bu hərəkəti üçüncü yerdə başa vurdu.
Təəssüf ki, təkanla qaldırma hərəkəti idmançımıza düşərli olmadı. Boyanka 124 kq çəkini yalnız iki cəhddən ram edə bildi. Daha sonra 128 kq-ı başı üzərinə qaldıran gənc atletimiz çıxışını başa vurdu. Rəqibləri daha yaxşı nəticələr göstərdiyindən, Kostova 233 kq-la ümumi sıralamada yalnız 5-ci yeri tuta bildi.
Kostovanın medal qazanmaq üçün yaxşı şansı olduğunu da qeyd etmək lazımdır. Çünki bürünc medal qazanan idmançı Boyankadan cəmi 2 kq üstün oldu.
Bu çəkidə bürünc medal ukraynalı Yuliya Kalinaya qismət oldu. O, toplamda 235 kq-ın (106 kq + 129 kq) öhdəsindən gələ bildi.
Gümüş medalı 236 kq-la (100 kq + 136 kq) tailandlı Pimsiri Sirikaev qazandı.
Qızıl medalın sahibi isə çinli Li Xuenq oldu. O, əvvəlcə birdən qaldırmada 108 kq-ı qaldıraraq Olimpiya rekordunu yenilədi. Sonra təkanla qaldırmada 138 kq-ı qaldıraraq toplam çəkini 246 kq-a çatdırdı ki, bu da toplamda Olimpiya rekordu demək idi.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action