Böyük Britaniyanın paytaxtında keçirilən XXX Yay Olimpiya Oyunlarının ağır atletika üzrə yarışları başa çatdı. Hər bir çəki dərəcəsində gərgin və maraqlı mübarizəyə şahidlik etdik. Dünyanın diqqət mərkəzində olan Olimpiada bizim üçün bir çox təəssüratlarla yadda qaldı. Xüsusilə, milli komandamızın tarixində ilk dəfə medal qazanması ağır atletikamız üçün müsbət məqam sayıla bilər. Sizi idmançılarımızın Olimpiadadakı çıxışı ilə ayrı-ayrılıqda, daha yaxından tanış edəcəyik.
İntiqamın rəqibləri çox güclü idi
Milli komandamızdan Olimpiadada çıxış edən son idmançı İntiqam Zairov oldu. 94 kq çəki dərəcəsindən mübarizə aparan atletimiz var gücünü ortaya qoysa da, rəqiblərinin çox güclü olması öz rolunu oynadı.
Birdən qaldırma hərəkətində iki cəhdə 175, daha sonra isə 182 kq-ın öhdəsindən gələn Zairov, təkanlda qaldırmaya 215 kq-ı qaldırmaqla başladı. Daha sonra 223 kq-I sifariş verən İntiqam bu çəkini ram edə bilmədi. Bu çəkinin medal üçün yetərli olmadığı dəqiq idi. Ona görə də, Zairov 225 kq çəki sifariş verdi. Qaldırsaydı, idmançımız bürünc medala sahib çıxacaqdı. Ancaq təəssüf ki, alınmadı. Yekun nəticədə atletimiz toplamda 397 kq-la 6-cı yeri tuta bildi.
Yuxarıda da qeyd etdik ki, İntiqamın rəqibləri çox güclü idi. Bu çəkidə bürünc medal rumıniyalı Anatoli Ciriquya qismət oldu. O, toplam 407 kq (181 kq + 226 kq) çəki ilə bürünc medala sahib çıxdı. Maraqlıdır ki, o, bu medalı eyni çəkini qaldıran (407 kq) Andrey Demanov da qazana bilərdi. Ancaq rəqibindən cəmi bir neçə yüz qram ağır olan rusiyalı atlet bu şansını qaçırdı.
Gümüş medal rus Aleksandr İvanovun oldu. O, 409 kq (185 kq + 224 kq) nəticə ilə ən yaxın rəqiblərini iki kq qabaqladı.
Qızıl medal isə İlya İlyinin boynundan asıldı. Qazaxıstanlı atletin qaldırdığı çəkilər sadəcə, fantastik idi. İlya birdən qaldırmanı 185 kq-la bitirdi. Ancaq təkanla qaldırmada gücünə şübhə qoymayan atlet, üçqat Olimpiya və dünya çempionu Kaxi Kaxiaşvilinin 13 ildir qırılmayan rekordu yeniləməyi bacardı. Əvvəlcə 224 kq, sonra 228 kq, sonda isə 233 kq-I qaldıran İlyin birdən-birə 4 rekord – təkanla qaldırmada Olimpiya və dünya rekordu, toplamda dünya və Olimpiya rekordu – yenilədi.