Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi başa çatmaq üzrədir. Bu gün Azərbaycan yığmasının son üzvü – Nailxan Nəbiyev körpücük üzərinə çıxdı. O, 20 yaşa qədər oğlanlar arasında 94 kq çəki dərəcəsində mübarizə apardı. Nailxan Avropa çempionu adını qazanaraq, milli komandamızın aktivinə 3-cü qızıl medalı yazdırdı.
Nailxan birdən qaldırma hərəkətində birinci yanaşmada 147 kq-ı ram edə bilmədi. Ancaq sonrakı cəhdində bu çəkinin öhdəsindən gələn Nəbiyev, üçüncü yanaşmada 153 kq-lıq ştanqı da başı üzərinə qaldıraraq, bu hərəkətdə 2-ci oldu.
Təkanla qaldırma hərəkəti daha uğurlu alındı. Atletimiz əvvəlcə 186, sonra isə 190 kq-ı ram edərək, bütün rəqiblərini qabaqladı. Üçüncü yanaşmasında 202 kq-ı qaldıra bilməməsi də buna mane olmadı. Nailxan həm bu hərəkətdə, həm də ümumi sıralamada qızıl medala sahib çıxdı.
Beləliklə, toplamda 343 kq (153 kq + 190 kq) nəticə göstərən Nailxan Nəbiyev Avropa çempionu adını qazandı.
Onu və qələbədə əməyi olan hər kəsi bu böyük uğur münasibətilə təbrik edirik!