Gənc idmançımız əsl kişilik, mübarizlik, pəhləvanlıq nümunəsi göstərdi.
Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələrin 9-cu Avropa çempionatında birinci günə yekun vurulub. Günün sonu bizim üçün çox gözəl alınıb. “Zirvə” İdman klubunun 16 yaşlı idmançısı Paşa İbrahimli, möhtəşəm nəticəyə imza ataraq 56 kq çəki dərəcəsində Avropa çempionu oldu.
Anar Qasımovun yetirməsi olan İbrahimli ilk cəhdində 97 kq çəkinin öhdəsindən gəldi. Daha sonra 102 kq və 105 kq çəkini başı üzərinə qaldıran gənc ağırlıqqaldıranımız, birdən qaldırmada qızıl medal qazandı.
Təkanla qaldırmaya 120 kq ağırlıqla başlayan Paşa İbrahimli bu çəkinin öhdəsindən məharətli gəldi. O, bu çəkini qaldıranda təkanla qaldırmada cəmi üç rəqibi qalmışdı. Yəni idmançımızın sifariş verdiyi çəki artıq medal demək idi. Bu səbəbdən də o, 120 kq-ı qaldırmaqla ən azı bürünc medalı təmin etdi. Ancaq gənc idmançımız bununla kifayətlənmək fikrində deyildi və mübarizəni sona qədər davam etdirdi.
Əsl pəhləvan kimi 125 kq çəkiyə yaxınlaşan idmançımız onun öhdəsindən çox asanlıqla gəldi. Yeganə rəqibi – rus Asali Abdulhaşimovu xeyli qabaqlayan Azərbaycanlı ağır atletimiz 128 kq çəkini başı üzərinə qaldıraraq Avropanın ən yaxşısı adını qazandı.
Bütün altı cəhdinin altısını da uğurla yerinə yetirən və toplamda 233 kq (105+128) çəki nəticə nümayiş etdirən Paşa İbrahimli Avropadakı rəqiblərini darmadağın etdi desək, yanılmarıq. O, ən yaxın rəqibi – gümüş medalçı rus Abdulahşimovdan 9 kq daha yaxşı nəticə göstərdi. Qələbəsinə heç bir şübhə yeri qoymayan gəncimiz Avropanı fəth etdi. Bu yaşlarında belə inamlı qələbə, ölkəmiz və xalqımız üçün çox böyük qürur mənbəyidir.
Azərbaycanda ağır atletika idmanın böyük töhfələr verməsiylə tanınan “Zirvə” İdman Klubunun Lənkəran bölməsinin yetirməsi olan İbrahimli, Polşada həm Azərbaycan himnini ardıcıl üç dəfə səsləndirdi, həm də bayrağımızın üç dəfə yüksəlməsini təmin etdi. Əsl qəhrəmana layiq nəticə və mübarizə əzmi nümayiş etdirən gənc idmançımızın gələcəyinin parlaq olduğu aşkardır. Paşa İbrahimli öz qələbəsiylə ona inanan, güvənən məşqçilərinin, klub rəhbərlərinin etimadını artıqlamasıyla doğrultdu.
Onu da qeyd etmək lazımdır ki, İbrahimlinin şəxsi məşqçisi Anar Qasımov da qızıl medal aldı. Müxtəlif səbəblərdən Polşaya yollana bilməyən təcrübəli mütəxəssisin ürəyi öz yetirməsinin yanında idi. İbrahimlinin qələbəsi həm də onun qələbəsidir. “Zirvə” İdman Klubunun məşqçisi olan Anar Qasımov layiq olduğu qızıl medalına qovuşacaq. Yığmamızın baş məşqçisi Nizami Paşayev onun adından bu medalı alaraq sahibinə çatdırmaq missiyasını öz üzərinə götürdü. Anar Qasımova belə bir idmançı yetişdirdiyinə görə təşəkkür edir, bu uğurların davamının daha böyük turnirlərdən gəlməsini arzulayırıq.