Bu gün Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Ağır Atletika Mərkəzində Azərbaycan Pauerliftinq yığma komandasının üzvləri ilə görüş keçirilib. Portuqaliyanın Porto şəhərində pauerliftinq idman növü üzrə keçirilən Avropa çempionatında qalib adını qazanmış idmançılarımızdan ikisi – Bəxtiyar Quliyev və Rüfət Ağayevlə Azərbaycan ağır atletika yığmasının üzvləri, rəhbərlik və məşqçilər heyəti görüşüblər. AAAF prezidenti cənab Cahangir Əsgərovun şəxsi təşəbbüsü ilə baş tutan tədbir, xoş təəssüratlarla yadda qalıb.
Tədbiri AAAF-ın icraçı direktoru İsgəndər Əsgərov giriş sözü ilə açıb. O, azərbaycanlı idmançıların Portuqaliyadakı Avropa çempionatında 11 qızıl medal qazanaraq böyük uğura imza atdığını qeyd edib. Ağır atletika və pauerliftinq idman növləri bir-birinə yaxındir deyən, Əsgərov bildirdi ki, hər iki yarışı diqqətlə izləyir, onların qələbələri üçün eyni həyəcan və sevinc hissi keçiririk. “Biz AAAF olaraq, bundan sonar da pauerliftinqçilərimizlə daha sıx əlaqədə olmaq, onlarla daha yaxın dostluq münasibətləri qurmaq fikrindəyik. Hər iki növlə məşğul olan idmançılar öz təcrübələrini bölüşəcək, daha böyük uğurlar qazanmaq üçün çalışacaqlar. Biz bir ailəyik və ümid edirəm ki, bundan sonra göstərəcəyimiz səylər yeni çempion və çempionluqların gəlməsinə şərait yaradacaqdır”.
Daha sonra ağır atletika üzrə Avropa çempionumuz İntiqam Zairov, yığmamızın baş məşqçisi Zlatan Vanev və onun köməkçisi Xanlar Nəbiyev pauerliftinqçilərə təqdim olundu. Ağırlıqqaldıranlar pauerliftinqçiləri AAAF-ın xatirə hədiyyələri və çiçəklərlə təbrik etdilər.
Sonra görüş çay süfrəsi arxasında davam etdirildi.
Pauerliftinqçilər görüşlə bağlı hisslərini bizimlə bölüşdülər.
Bəxtiyar Quliyev: “Bu görüşü çox yüksək qiymətləndirirəm. Bu, AAAF-ın Pauerliftinq Federasiyasına diqqətinin göstəricisidir və mən bunu alqışlarıyam. Ən xoş təəssüratları yaşayıram. Bir idmançı kimi, qazandığım uğurun qarşılığında bu cür təşkilatçılıq görmək məni sevindirir və əlavə stimul verir. İstərdim ki, bu tədbirlər, KİV nümayəndələri ilə görüşlər daimi xarakter daşısın. Çünki bu, idmanımızın təbliğatı və inkişafında müstəsna rol oynayır. Portuqaliyadakı yarışda Avropa çempionu olmağıma görə sevindim. Burada şəxsi uğurumla yanaşı, yığmamızın komanda şəklində qələbəmiz də vacib idi. Deyə bilərəm ki, biz bu yarışda ciddi uğurlar qazandıq və çox sevindiricidir ki, qələbələrimiz belə diqqət mərkəzindədir. Bir daha Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkür edir, idmanımızın getdikcə daha da yüksəlməsini arzulayıram”.
Rüfət Ağayev: “AAAF-la münasibətlərimiz buna qədər də yaxşı olub. Bir-birimizdən məsləhətlər almış, təcrübə mübadiləsi etmişik. İndi də belə tədbir keçirilir. Bu görüş bizim üçün çox böyük əhəmiyyət daşıyır. Bir-birinə yaxın idman növlərinin uğurlarını işıqlandırmaq, ona diqqət yönəltmək, vacibliyini qeyd etmək yaxşıdır. Bu görüşdən xoş təəssüratlarla ayrılacağam. Son Avropa çempionatına yaxşı heyətlə yollanmışdıq və məqsədimiz ən yüksək yerlərdə qərarlaşmaq idi. İstəyimizə nail olduq. Özümə gəldikdə, bu yarışda sadə yox, həm də mütləq çempion olmaq istəyirdim. Üç hərəkətin cəmində 1 ton 100 kiloqram qaldıraraq buna nail oldum. Ümumiyyətlə, Azərbaycan pauerliftinq yığması Avropa və dünyada güclülər sırasındadır. Bunu dünya federasiyası da, ruslar da, başqa güclü ölkələrin federasiya və idmançıları da deyir. Məqsədimiz bundan sonra da bu səviyyəni qoruyub-saxlamaq, daha böyük uğurlar qazanmaqdır. İnanıram ki, həm ağır atletika, həm də pauerliftinq yığması Azərbaycanın adını zirvələrdə saxlamağı bacaracaq”.
Görüşün sonunda pauerliftinqçilər Ağır atletika akademiyasındakı şəraitlə tanış oldular. Onlara məşq zalları, avadanlıqları, həkim və masaj otaqları, yarış zalı, sauna, uşaq məşq zalı, trenajorlar, dərs otaqları və başqa otaqlar göstərildi. Yığmamızın baş məşqçisi Zlatan Vanevlə pauerliftinqçi Rüfət Ağayev arasında maraqlı söhbət də oldu. Onların hər biri öz idman növlərinin incəlikləri haqda məlumat verdi. Pauerliftinqlə ağır atletikanın ştanqları, geyimləri, ağırlıq daşlarındakı fərqlər, məqş sistemi, hazırlıq sistemləri müzakirə edildi. İntiqam Zairov və Bəxtiyar Quliyevin də qoşulduğu söhbət xeyli maraqlı məqamlarla yadda qaldı.
Qeyd edək ki, Portuqaliyanın Porto şəhərindəki Avropa çempionatında Azərbaycan pauerliftinq yığma komandasının üzvləri pauerliftinq, benç-press və dedlift üzrə güclərini sınamış və 11 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışdılar.
Azərbaycan Ağır Atletika Federasiyası olaraq bir daha idmançılarımızı bu uğur münasibətilə təbrik edir, federasiyalar və idmançılarımız arasındakı dostluq münasibətlərinin gündən-günə güclənəcəyinə inanır, daha böyük qələbələrin gəlməsini arzulayırıq.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action