Sərdar Həsənov dünya çempionatında 5-ci yeri tutdu

Bu gün Parisdəki dünya çempionatında daha bir idmançımız yarışa qoşulub. Sərdar Həsənov 69 kq çəki dərəcəsinin “B” qrupunda 4-cü olan Əfqan Bayramovdan sonra “A” qrupunda çıxışa başlayıb.

Birdən qaldırmada Sərdar Həsənov əvvəlcə 145 kq-ı başı üzərinə qaldırıb. İkinci yanaşması üçün 150 kq ağırlıq sifariş verən idmançımız onu qaldıra bilməsə də, üçüncü cəhddə bu çəkinin öhdəsindən gələ bildi. Nəticədə o, bu hərəkətdə böyük uğur qazanaraq 4-cü yeri tutdu.

Təkanla qaldırmaya Sərdar uğursuz başladı. O, 176 kq çəkini yalnız ikinci cəhddən qaldıra bildi. 181 kq sifariş verən Həsənov bu ağırlıqda ştanqı qaldıra bilmədi. Nəticədə o bu hərəkətdə 12-ci yeri tutdu.

Sərdar Həsənov toplamda 326 kq (150 kq + 176 kq) nəticə ilə 5-ci yeri tutdu və lisenziya xallarımızı artıra bildi.

Sevindiricidir ki, B qrupunda çıxış etmiş Əfqan Bayramov da ilk onluqda yer ala bilib. Belə ki, o, toplamda 316 kq (138 kq + 178 kq) nəticə ilə dünya çempionatında 10-cu yeri tutub. Bu da lisenziya xalı baxımında xeyrimizə olan nəticədir.

Əlavə edək ki, hər iki idmançımız erməni ağır atletlərini üstələdilər.

Birdən qaldırma – 150 kq

1. 145 kq – cəhd uğurlu oldu
2. 150 kq – cəhd uğursuz oldu
3. 150 kq – cəhd uğurlu oldu

Bu hərəkətdə tutduğu yer – 4

Təkanla qaldırma – 176 kq

1. 176 kq – cəhd uğursuz oldu
2. 176 kq – cəhd uğurlu oldu
3. 181 kq – cəhd uğursuz oldu

Bu hərəkətdə tutduğu yer – 12

Cəmi qaldırdığı çəki – 326 kq (150 kq + 176 kq)

Yekunda tutduğu yer – 5

Paylaş
Şərh yaz