Fransanın paytaxtı Paris şəhərində ağır atletika üzrə kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatına start verilib. 5-13 noyabr tarixlərində keçiriləcək mötəbər turnirin ilk günündə milli komandamızın üzvü – Angelova Silviya 48 kq çəki dərəcəsində yarışa qoşulub.
İdmançımız əvvəlcə birdən qaldırma hərəkətində gücünü sınayıb. İlk cəhdində 75 kq-ın öhdəsindən uğurla gələn Silviya, 78 kq-ı sifariş verib. Ancaq milli komandamızın üzvü növbəti iki cəhdində də bu çəkini başı üzərinə qaldıra bilməyib. O, bu hərəkətdə 8-ci yeri tutub.
Təkanla qaldırma hərəkətində Angelova ilk olaraq 95 kq çəki sifariş verib və onu uğurla yerinə yetirib. Ancaq Silviya 97 kq çəkili ştanqı sonrakı hər iki cəhdində qaldıra bilməyib. İdmançımız bu hərəkətdə 10-cu, toplamda isə 170 kq (75+95) ilə 8-ci olub.