İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan 3-cü İslam Oyunlarında ağır atletlər də mübarizəyə qoşulublar. Bu gün qadın idmançılarımızdan Silviya Angelova və Gülçin Əlizadə körpücük üzərinə çıxaraq qüvvələrini sınayıblar.
48 kq çəki dərəcəsində mübarizə aparan Silviya Angelova birdən qaldırma hərəkətində 73 kq, təkanla qaldırmada isə 90 kq-ı başı üzərinə qaldıra bilib. Toplamda 163 kq (73 kq+ 90 kq) nəticə göstərən atletimiz Oyunların gümüş medalına sahib çıxıb.
53 kq çəki dərəcəsində mübarizə aparan Gülçin Əlizadə isə birdən qaldırmada 63 kq, təkanla qaldırmada isə 83 kq-ı ram edib. Toplamda 146 kq (63 kq + 83 kq) nəticə göstərən gənc ağır atletimiz, ümumi sıralamada 4-cü yeri tutub.