İstənilən ağır atlet vaxtının əksər hissəsini idmana sərf etdiyindən lazımi təhsil almasında problemlər yaranır. Yarışlar zamanı yaranan fasilələr, məşqlərlə tədris vaxtlarının üst-üstə düşməməsi, bəzən yol uzaqlığı, gediş-gəliş məsələləri prosesə öz mənfi təsirini göstərir. İdmançı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin siması, bayraqdarıdır. İstənilən an Azərbaycanı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olmalıdır.
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) da bu istiqamətdə çalışmalarını davam etdirir. Xüsusilə, gənc nəslin sağlam və savadlı yetişməsində həyata keçirilən fəaliyyət buna misaldır. AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada çox sayda idmançı təhsil alır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.
Federasiya Kompleksin imkanlarından yaralanaraq buranı mərkəzi baza edib və ilboyu təlim-məşq toplanışında olan idmançıların təhsil baxımından geri qalmaması üçün addımlar atır. Burada yaşayan, bütün xərcləri ödənilən maksimum şərait yaradılan bu gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir neçə dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər.
Dərs zamanı onlara bu idman növünün sirləri öyrədilir, onun tarixi haqqında geniş məlumat verilir, elmi-nəzəri xüsusiyyətləri tədris edilir, bir sözlə, bilavasitə fiziki dərslərdən savayı, ağır atletikanın nəzəri tərəfi də öyrədilir. Bu nəzəri biliklərin tədrisində məqsəd həm bu idman növünü daha yaxından tanıtmaq, həmçinin yeniyetmə və gənc atletlərin təhsil səviyyəsini yüksəltməkdir.