Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi start götürüb. Artıq bu gün azərbaycanlı ağır atletlərdən biri – 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo uğur qazanaraq atletləsevərlərimizi sevindirib. O, 62 kq çəki dərəcəsində qızıl medala layiq görülüb.
Birdən qaldırma hərəkətinə Yuri 125 kq-la başladı. Bu çəkini uğurla ram edən atletimiz, ikinci yanaşmasında 130 kq-ıa da başı üzərinə qaldıra bildi. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo, bu hərəkətdə ikinci oldu.
Təkanla qaldırma hərəkətində isə hər şey qaydasında oldu. Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atdı. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz, üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də, birinci ola bildi.
Beləliklə, toplamda 286 kq (130 kq + 156 kq) nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxa bildi.
Azərbaycan adına ilk dəfə belə böyük uğura imza atan Yuri Dudoqlonu təbrik edir, ona növbəti yarışlarda da qızıl medallara layiq görülməsini arzulayırıq!