Füqan Əliyev Avropa birinciliyinin bürünc medalçısıdır!

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış günü başa çatıb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Son olaraq millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.

Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avroopa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.

Atletimizi, məşqçi heyətimizi, həmçinin bu uğurda əməyi olan hər kəsi təbrik edir, bayrağımızı beynəlxalq arenada yenidən yüksəltdiyinə görə təşəkkür edirik!

Əhsən!

Paylaş
Şərh yaz