5-11 sentyabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Ağır Atletika Federasiyasının təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışı və elmi seminarı keçirilib. Azərbaycan da daxil olmaqla 9 ölkə – Belçika, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Türkiyə, İtaliya, Rumıniya və Xorvatiyadan olan 40 idmançı və 15 məşqçi bir araya gəlib. Azərbaycanı bu toplanışda məşqçilər Nahid Vəliyev və Elnarə Abbasova, idmançılar Nurəddin Mehdiyev və Zəhra Niftəliyeva təmsil ediblər.
Beynəlxalq tədbirdə iştirak edən atlet və mütəxəssislər öz biliklərini paylaşıb, yeni biliklər əldə edib, beynəlxalq ekspertlər Kolin Bakli və Damyan Kanzekin nəzəri və praktiki mühazirə və seminarlarında, həmçinin Xorvatiya İctimai Səhiyyə İnstitutunda antidopinq seminarında iştirak ediblər. Toplanış gənc nəsil arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayıb.
Bağlanış mərasimində təmsilçilərimizə iştirakları ilə bağlı beynəlxalq sertifikatlar təqdim edilib.