Tanınmış Paralimpiyaçı cüdoçumuz, May ayının 12-də startı veriləcək IV İslam Həmrəylik Oyunlarının idmançı səfiri olan İlham Zəkiyev qarşıdakı ayrış barədə fikirlərini bölüşüb. Federasiyanın rəsmi televiziyası olan AAAF TV-yə açıqlama verən tanınmış idmançımız bu Oyunların möhtəşəm idman bayramı kimi yadda qalacağını bildirib: “IV İslam Oyunları böyük bir idman hadisəsidir. Bu yarışların Bakıda keçirilməsi də çox xoşdur. Bütün ölkələrin müsəlmanları bir bayraq altında yığışacaqlar. Maraqlı yarışlar olacaq, medallar uğrunda gərgin mübarizə gedəcək. Azərbaycan yığma komandasının bütün idman növləri üzrə uğurlu çıxış etmək, ümumi sıralamada 1-ci yeri tutmaq şansı böyükdür. Xalqımıza üzümü tutub deyirəm ki, idmançılarımızı dəstəksiz qoymasınlar. Arenalara gəlsinlər, uğura səsləsinlər. Biletlər çox da baha deyil, qiymətləri münasibdir. Həmrəy olaq. Gücümüz həmrəyliyimizdədir”.
Zəkiyev ağır atletlərimizin çıxışlarına da toxunub: “Ağır atletlərimizin də şansını yüksək qiymətləndirirəm. 8 qadın və 8 kişi ilə qatılırıq. Heyət güclüdür, inam böyükdür. Onlardan ən azı bir neçə qızıl medal gözləyirik. İnşallah, öz qələbələri ilə bizi, xalqımızı, cənab prezidentimizi sevindirəcəklər. Hamısına uğurlar”.
İlham Zəkiyev Azərbaycanlı paralimpiyaçı cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və altıqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015), 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir. “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vuruluduqdan sonra görmə qabilliyətini itirmiş, və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.