“Kaspi” qəzeti gənc ağır atlet Kənan Əliquliyevdən “Portret” yazısı yazdı

Azərbaycanın ən məşhur və ən yaşlı qəzetlərindən olan “Kaspi” qəzeti ölkəmizdə gənclərə, xüsusilə də idmançılara dəstək məqsədli yazılarını davam etdirir. 136 yaşlı qəzetin hər həftə yayınlayan “Gənclik” əlavəsində bu dəfə ağır atletlərə yer verilib. “Portret” rubrikasında gənc və perspektivli Kənan Əliquliyev haqqında yazılan yazını sizə təqdim edirik:

 

***

Ağır atletlər ailəsinin xələfi – Portret

O, hər dəfə medal qazananda özündən çox, atasına görə sevinir
Azərbaycanda bir çox sənət var ki, atadan oğula keçir. Oğullar atalarından gördüklərini mənimsəyir, onun yolu ilə getməklə, bəzən müəllimlərini belə geridə qoyurlar. Bu, bəzən idmana da şamil olunur. İdmançı da atasının, böyük qardaşının yolunu getməklə, ailədə həmin idman növünü yaşadır, bəzən isə böyüklərinin uğurunu geridə qoyur. Azərbaycanda məşhur şahmatçı, güləşçi, futbolçu, ağır atletlər ailəsi var. Deyəsən, bu siyahıya tezliklə daha bir ailə qoşulacaq. Böyük perspektiv vəd edən gənc idmançı Kənan Əliquliyev də atası Teymur Əliquliyev və böyük qardaşı Elxan Əliquluzadənin yolu ilə inamla irəliləyir.

Qələmdən öncə ştanq

Kənan Əliquliyev 1998-ci il, fevralın 12-də Lənkəranda dünyaya gəlib. Adətən uşaqlar həvəsi olduğu idman növü üzrə məşqlərə yazılır. Yeniyetməlik yaşlarına kimi bir neçə idman növünü sınadıqdan sonra isə öz yolunu müəyyənləşdirir. Kənanda isə belə şans olmayıb. Atası Teymur Əliquliyev ağırlıqqaldırma üzrə məşqçi olduğundan, oğlunu da bu sahədə sınamaq qərarına gəlir. Balaca Kənan cəmi 6 yaşından atasının çalışdığı Uşaq Gənclər İdman Məktəbində ağırlıqqaldırma idman növünün sirlərinə yiyələnməyə başlayır. O, ştanq arxasına keçəndə məktəbə belə getmirdi. Belə deyək, Kənanın əlinə qələmdən əvvəl ştanq dəyir. O, atasının seçiminə əsasən, bu idman növü ilə məşğul olsa da, sonradan özündə də ağırlıqqaldırmaya həvəs yaranır. Onda bu həvəsin yaranmasının digər səbəbi isə özündən 3 yaş böyük qardaşı Elxan Əliquluzadənin uğurları olub. Qatıldığı turnirlərdə uğurları sıralayan Elxan, qardaşının da ştanqdan bərk-bərk yapışmasına səbəb olur.

Gecikməyən uğurlar

Həm atasının dəstəyi, həm də qardaşının uğurlarından ilhamlanan Kənanın uğurları özünü çox gözlətmir. O, elə ilk yarışındaca ölkə çempionu olur. Kənan ölkədaxili yarışlarda qazanılan mükafatların ardından, 9 yaşından Azərbaycan yığmasına da cəlb olunur. Onu yığmaya Nizami Paşayev cəlb edir. Azərbaycanda ağır atletikaya böyük qayğı göstərən “Zirvə” klubunun yaradılması ilə birlikdə, Kənan bu klubun Lənkərandakı bölməsinə yazılır. Onun bir ağırlıqqaldıran kimi yetişməsində bu amil də xüsusi rol oynayır. Bundan sonra da Kənanın ölkədaxili yarışlarda uğurları davam edir.

Ağır zədə, möhtəşəm dönüş

İdmançı karyerasını şahmat taxtasına bənzətmək olar. Burda ağ xanalarla yanaşı, qara xanalar da var və heç də həmişə ağ xanada irəliləmək mümkün olmur. Kənan da “qara xana”dan yan keçə bilmir. O, 13 yaşında ağır zədə alır. Yeniyetmələr arasında keçirilən dünya çempionatından qayıdan idmançı məşq zamanı yol verdiyi səhlənkarlığın qurbanı olur. 120 kq-lıq ştanq onun ayağına düşür və ağır zədə alır. Ayağı sınan Kənan uzun müddət zədəsini sağaltmaqla məşğul olur.

Həmin dövrlər onun karyerasının ən çətin anları olur. Kənanın bu çətin dövrü geridə qoymasında ailəsinin, xüsusilə atasının böyük rolu olur. Təxminən 7-8 ay zədəsinin müalicəsilə məşğul olan Kənan, bundan 6 ay sonra karyerasının ən böyük uğuruna imza atır. O, 2013-cü ildə Litvanıın Klaypeda şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında 2-ci olur. Özünün sözlərinə görə, həmin zədə olmasaydı, yarışı rahatca çempion kimi də başa vura bilərdi.

Dopinqdə “ilişən” kumirlər

Kənan atasının təkidilə ağır atletikanı seçsə də, onun bu idman növündə bəyəndiyi, özünə kumir seçdiyi idmançılar da var. O, uşaq vaxtlarından qazaxıstanlı ağır atlet, ikiqat olimpiya çempionu İlya İlinin pərəstişkarı olub. Kənanın ölkə daxilindəki kumiri isə qardaşı Elxan Əliquluzadədir. Elxandan söz düşmüşkən, Kənandan 3 yaş böyük olan Elxan perspektiv vəd edən ağırlıqqaldıranlarımızdan olub. O, 2015-ci ildə ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında gənclər arasında dünya rekorduna imza atıb. Ancaq maraqlıdır ki, Kənanın kumir kimi baxdığı hər iki idmançı dopinqdə “ilişib”. Həm İlinin, həm də Elxanın nəticələri dopinqə görə ləğv edilib.

Dilmanc olmaq istəyən atlet

Kənan asudə vaxtlarını dostları ilə keçirməyi sevir. O, bundan əlavə, musiqi dinləməyi və film izləməyi də xoşlayır. Hər növ musiqini dinlədiyini deyən Kənanın sevdiyi filmlər isə komediyadır. Onun hobbiləri arasında maşın sürmək də var.

Kənanın kiçik yaşlarından ağırlıqqaldırma ilə ciddi məşğul olması onun dərslərinə də təsir edib. Özünün dediyinə görə, 4-cü sinfə kimi yaxşı oxusa da, sonradan bütün diqqətini idmana kökləyib. “Dərslərə həvəsim yox idi” deyir. Hazırda isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan gənc ağır atlet, “başqa sahədə də oxumaq, bir neçə dil öyrənmək istəyərdim” deyir. O, “başqa hansı sahədə təhsil almaq, kim olmaq istərdin” sualına isə “həkim” cavabını verir. Kənanın bu cavabında bəlkə də, ağır atletlərin qorxulu röyası olan zədələrlə mübarizə istəyi də rol oynayır.

“Hər dəfə medal qazananda…”

Kənanın atası və qardaşı ilə yanaşı, bir neçə qohumu da bu idman növü ilə məşğul olub. Ailədə bir neçə nəfərin ağır atletika ilə məşğul olması onun işini bir qədər rahatlaşdırır. Deyir ki, ailədə hamı məni başa düşür. Lakin kiçik olduğu zaman ata nəzarəti ona məhəllədə digər uşaqlar kimi rahat oynamağa imkan verməyib. Belə ki, özünün sözlərinə görə, ata Əliquliyev oğlunun zədə almasından ehtiyat edərək, onu bu cür əyləncələrdən kənarda tutmağa çalışıb. Kənan idmanda atasının dəstəyinin müstəsna rolu olduğunu deyir. 49 yaşı olmasına baxmayaraq, hələ də veteranların yarışlarında ştanq arxasına keçən Teymur Əliquliyev oğlunun ağırlıqqaldıran kimi inkişafında həm məşqçi, həm də bir ata kimi böyük rol oynayıb. Kənan “hər dəfə medal qazananda özümdən çox, atam görə sevinirəm, onun yanımda olması mənə əlavə güc verir” deyir.

Hədəf – İslam Oyunları

Kənanın əsas arzusu böyüklər arasında dünya çempionu olmaqdı. O, “bəs olimpiya çempionluğu” sualına isə “dünya çempionu olsam, olimpiada barədə də düşünmək olar” cavabını verir. Oktyabrda gənclərin Avropa çempionatında ilk üçlükdə qərarlaşmaq da onun əsas hədəflərindəndir. Hazırda isə 19 yaşlı atletin əsas hədəfi mayda ölkəmizdə baş tutacaq İslam Həmrəyliyi Oyunlarıdır. Bu yarışda çıxış etmək üçün isə o, ilk növbədə yığmada yerini möhkəmlətməlidir. Onun bu yolda əsas rəqibi isə Əfqan Bayramovdur. Kənanı İslam Həmrəyliyi Oyunlarına qatılmaq uğrunda 76 kq çəki dərəcəsində 34 yaşlı rəqibi ilə gərgin mübarizə gözləyir. O, bir neçə gün öncə keçirilən Azərbaycan çempionatında özündən 15 yaş böyük rəqibinə cüzi fərqlə (1 kq) məğlub oldu. Lakin İslam Oyunlarına hələ bir neçə ay var və gənc idmançı bu vəziyyəti xeyrinə dəyişərək, paytaxtımızda keçiriləcək mötəbər yarışın iştirakçısı ola bilər. Rəqibindən bir xeyli gənc olması da ona əlavə şans verir.

“Ağırlıqqaldırma mənim həyatımdır”

Kənan “ağırlıqqaldırma mənim həyatımdır, əlimdən ancaq bu gəlir” deyir. Kiçik yaşlarında dəcəl uşaq olan Kənanın formalaşmasında idman müstəsna rol oynayıb. O, “ağır atetika ilə məşğul olduqdan sonra nizam-intizamı, səbr etməyi öyrəndim” deyir. Özünün dediyinə görə, gərgin məşqlərin ardından qazanılan hər çempionluqdan sonra özündə bir rahatlıq hiss edir. Ölkəxarici yarışlarda isə bu rahatlığa fəxr, qürur hissləri də əlavə olunur. Ancaq Kənan karyerasını çox davam etdirmək niyyətində deyil. 6 yaşından ştanq arxasına keçən gənc idmançı “27-28 yaşında karyeramı bitirmək istəyirəm” deyir. Bu da o deməkdir ki, Kənan hədəfə aldığı uğurlara imza atmaq üçün özünə çox qısa vaxt müəyyənləşdirib. Onun planlaşdırdığı hədəflərinə çatmaq üçün cəmi 8-9 il vaxtı var. Kənan karyerasını bitirdikdən sonra isə atasının yolunu davam etdirmək, məşqçi kimi çalışmaq istəyir.

Portreti

Səmimi, ünsiyyətcil, əzmkar, həvəsli – Kənanın portretini yaradarkən bu xüsusiyyətlər ön plana çıxır. Öz gücünə inanan, heç nədən çəkinməyən gənc ağır atletdə daha böyük uğurlara imza atmaq üçün potensial var. Onun digər müsbət xüsusiyyəti isə əzmkarlığıdır. Yeniyetmə yaşlarında ağır zədədən qayıtdıqdan sonra Avropa çempionatının “gümüş”ünə yiyələnən Kənan üçün bu il, böyük uğurlara doğru ilk addımı atmaq baxımından sınaq olacaq.

Paylaş
Şərh yaz