Kütləviliyin artırılması istiqamətində fəaliyyət həyata keçirilir

Regionlarda ağır atletikaya marağın təmin edilməsi, yeni, gənc nəsil idmançıların yetişdirilməsi, onlara sağlam həyat tərzinin aşılanması məqsədilə xüsusilə ümumtəhsil məktəblərində təbliğat fəaliyyətinin həyata keçirilməsinə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Ağır Atletika Federasiyası kütləviliyin artırılması istiqamətində yeni layihəyə start verir. Belə ki, federasiya nümayəndələri müxtəlif rayon və şəhərlərə səfər edəcək, məşqçi-müəllimlərin bilik və bacarıqlarından yararlanaraq məktəblərdə fiziki tərbiyə dərslərində ağır atletikanın təməl məlumatlarını nəzəri və praktiki şəkildə nümayiş etdirəcəklər.
Artıq ilk belə addım atılıb. Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin idman zalında 5-ci sinif şagirdləri üçün master-klass təşkil edilib. Təcrübəli mütəxəssis Nizami Qasımov əvvəlcə ağır atletika barədə ilkin məlumatlar verib, müxtəlif hərəkətləri göstərib, idman növünün müsbət tərəfləri haqda danışıb. Daha sonra dərs ağır atletika zalında davam etdirilib, məktəblilər həqiqi məşq prosesiylə tanış olub, çəkilərin qaldırılma qaydalarının peşəkar formasını izləmək imkanı əldə ediblər.
Bu layihə ölkənin digər regionlarında da həyata keçiriləcək.

 

Paylaş
Şərh yaz