1-10 noyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək kişilər və qadınlar arasında ağır atletika üzrə dünya çempionatına start verilib. Aşqabad Olimpiya Kompleksində təşkil olunan yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparır. Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan ilk olaraq Məhəmməd Məmmədli körpücük üzərinə çıxıb. O, 61 kq çəki dərəcəsinin C qrupunda çıxış edib.
Atletimiz birdən qaldırma hərəkətində 116 kq, təkanla qaldırma hərəkətində isə 142 kq-ı ram edib.
Toplam 258 kq (116+142) nəticə göstərən Məhəmməd Məmmədli C qrupunda 3-cü yeri tutub. Atletimizin yekun sıralamadakı yeri B və A qruplarındakı yarışlar bitəndən sonra məlum olacaq.