Məhəmməd Məmmədli: “Qazanılan uğurları növbəti ildə də davam etdirmək istəyirəm”

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Körpücük üzərinə çıxan kişilər növbəti çəki dərəcəsi – 62 kq-da mübarizə aparıblar. Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə İsmayıllı atleti Məhəmməd Məmmədli qalxıb. O, toplam 270 kq (120+150) nəticə ilə qızıl medala sahib çıxıb. Yarışın qalibi qələbə sevincini AAAF TV ilə bölüşüb:
“Azərbaycan Kubokunu qazandığım üçün çox sevinirəm. Məşqçilərimə təşəkkür edirəm, çünki hər şey onların sayəsində oldu. 2017-ci ildə bir neçə yarışda iştirak etmişəm. Onlardan biri seçmə mərhələ yarışları idi ki, orada qalib oldum. Bundan başqa ölkə xaricində keçirilən yarışlarda da iştirak etmişəm. Albaniyada baş tutan Avropa çempionatında təkanla qaldırma hərəkətində üçüncü yerdə qərarlaşdım. İndi də ölkə kubokuna sahib çıxdım. Qazanılan uğurları növbəti ildə də davam etdirmək istəyirəm”.

Paylaş
Şərh yaz