Bu ilin 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Oyunları ölkəmiz, onun idmanı üçün böyük əhəmiyyət daşıyır. 2015-ci il I Avropa Oyunlarını ən yüksək təşkilatçılıq səviyyəsində həyata keçirən Azərbaycan, eynisini bu il də etməyə hazırdır. İslam Oyunlarına hazırlıqla bağlı tədbirlər bunu əminliklə deməyə əsas verir.
Oyunlarda olacaq ağır atletika növünə də maraq böyükdür. Bir çox mütəxəssislər yarışların təşkili ilə bağlı son durumla tanış olmaq üçün Bakıya gəlir, infrastrukturla tanış olurlar. Onlardan biri Beynəlxalq Ağır Atletika Federasiyasının Yarış Təşkili üzrə meneceri Matias Lensserdir.
O, martın 10-da əvvəlcə İslam Oyunları Təşkilat Komitəsinə baş çəkib. Daha sonra ağır atletlərə yaradılan şəraitlə tanış olmaq üçün yığma komandanın mərkəzi bazası sayılan AAAF Park Yaşayış Kompleksinin qonağı oldu. Macar mütəxəssis burada gördüklərindən təəccüb və heyranlığını gizlədə bilmədi. Buranın ağır atletika idman növü üçün ideal mərkəz olduğunu dilə gətirən Lensser, məşq və yarış zalı, fitness mərkəzi, mehmanxana, kotteclər, həmçinin qidalanma, istirahət, təlim-tədris bölmələri ilə yaxından tanış oldu.
Menecer Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulovla görüşərək müxtəlif məsələlər ətrafında söhbət apardı. Qonağa bildirildi ki, Azərbaycanda bütün idman növlərində olduğu kimi ağır atletikanın da inkişafına diqqət yetirilir. Son zamanlar infrastrukturla bağlı yeniliklər, dopinqlə mübarizə, məşqçi və digər mütəxəssislərin təcrübələrinin artırılması, ağır atletlərin məşq və istirahət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirildiyi vurğulanıb. Hər iki tərəf qaşılıqlı münasibətlərin daha da inkişafına inam, İslam Oyunlarında ağır atletika üzər yarışların da yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunacağına əminlik ifadə edib.