11-18 noyabr tarixlərində Perunun təşkilatçılığı ilə ağır atletika üzrə yeniyetmələr arasında dünya kuboku keçirilir. Yarışda 61 ölkədən 399 (181 qadın və 218 kişi) idmançı medal mübarizəsi aparır. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Bunlar Elşən Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Sənan Sahibov (73 kq) və Əli Şükürlüdür (102 kq).
Kubok qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyildir. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, kubokda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalar uyğun və sıralama ilə yerinə yetirir.
Artıq iki atletimiz körpücük üzərinə çıxıb. 61 kq-da yarışan Elşən Məmmədov toplam 200 kq (90+110) nəticə ilə B qrupunda 9-cu yeri tutub.
67 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Əliyev isə daha uğurlu nəticəyə imza atıb. O, birdən qaldırma hərəkətində 120 kq, təkanla qaldırmada isə 139 kq-ı başı üzərinə qaldıra bilib. Möhtəşəm çıxışla toplam 259 kq nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb.
Tarixi uğur qazanan Murad Əliyev yarış təəssüratlarını da bölüşüb: “Gümüş medal qazandığıma görə çox şadam. Əlimdən gələnin maksimumunu etdim. Əminəm ki, gələn yarışlarda çempion da olaraq qızıl medala sahib çıxacam. Yarışa hazırlıq çətin keçmişdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Üstəlik, son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, ağır atletikaya köklənməyə mane olurdu. Ancaq məşqçilərimin əməyi sayəsində lazımi formanı yığa və saxlaya bildim. Bugünlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik qatqım olacağına görə sevincliyəm. Mən də şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırmışdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ – Azərbaycandır!”.