Natalya Prişepa: “Azərbaycan üçün çempionlar yetişdirmək istəyirəm”

Ağır atletika üzrə qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Natalya Prişepanın aaaf.az-a müsahibəsi.

– Natalya, artıq yarım ildən çoxdur ki burdasan, baş məşqçi kimi qadınlardan ibarət yığmamıza rəhbərlik edirsən. Sənə Azərbaycanda işləmək təklifi necə gəldi?
– Təşəkkür edirəm. Məşqçimə zəng gəldi və qadın məşqçiyə ehtiyac olduğunu dedilər. Təklif çox maraqlı gəldi. Sadəcə, həmin vaxt Rio Olimpiya Oyunlarına hazırlaşdığımdan razılıq vermədim və gözləməyi xahiş etdim. Moldova Ağır Atletika Federasiyası Braziliyaya yollana bilməyəcəyimi bildirəndən sonra (sonradan, Olimpiadaya iki gün qalmış bu qərar dəyişdi və Natalya Rioda çıxış etdi –red.) Azərbaycandan gələn təklifə müsbət cavab verdim.
– Fəal idmançı ola-ola məşqçilik təklifini necə qarşılamışdın?
– Yaxşı, çünki bunu istəyirdim. Məşqçilik etməyi xoşlayıram. Baş məşqçimiz olmayanda yeniyetmələrə mən məşq keçirdim. Çox ürəyimcə olurdu, bundan zövq alırdım. Ona görə də təklifə çox sevindim. Yeganə narahat olduğum məqam dil fərqi idi. Çünki bu, vacib məqamdır. İdmançılarla ünsiyyət zamanı onların dilində danışmalı, izah verməliyəm. İlk vaxtlarda çətin idi, ancaq indi hər şey qaydasındadır. Yavaş-yavaş öyrəşirəm, öyrənirəm.
– Fikir verdik, məşq zamanı tapşırıqların demək olar ki, hamısını Azərbaycan dilində verdin. Deyəsən, uyğunlaşma mərhələsini arxada qoymusan…
– Bəli, diliniz çətin olsa da, ilk gündən öyrənməyə başlamağı vacib bildim. Artıq danışıqları 40 faiz başa düşürəm, məşqdə tapşırıqları isə məhz sizin dilinizdə verirəm. Azərbaycana, onun insanlarına hörmətim böyükdür, buna görə də dilinizi öyrənməliyəm.
– Təşəkkür edirik. Azərbaycanda məşqçilikdən öncə bir neçə yarışda idmançı kimi də olmuşdun. Buradan gələn təklif həyəcanlı olmadı ki?
– Oldu, əslində. Çünki “birdən alınmaz, bacarmaram” fikirləri gəlirdi ağlıma. Ancaq digər tərəfdən də özümə inanırdım. Belə insanlar məni dəvət ediblərsə, güvənib seçiblərsə, pis ola bilməz. Şükürlər olsun, hər şey yaxşıdır.
– Hazırda işinin gedişi haqda nə deyə bilərsən?
– Məşqləri mütəmadi edirik, qızlar böyük səylə hazırlaşırlar. Düzdür, çətin olur. Qızlar sabit olmurlar, məşqlərdə çətinliklər olur. Özüm də qadınam, onları başa düşürəm. İndi anlayıram ki, məşqçilərimə yaman çətin zamanlar yaşatmışam (gülür).
– Demək olarmı ki, yığmamızda, elə bu zalda böyük perspektiv vəd edən, gələcəyin dünya və ya Avropa çempionu, Olimpiya medalçısı qızlarımız var?
– Bəli, potensialı olan, yaxşı texnikalı, əzmkar, ambisiyalı qızlarımız var. Görünür ki, öz üzərilərində çalışsalar, böyük qələblər qazana bilərlər. Məşqçi işi də vacibdir. Çünki yeniyetmə qızlarımızda texniki baxımdan çatışmazlıqlar, səhvlər var. Hazırda onları həll etməyə çalışırıq. Texnikanı yeniləmək yenisini tətbiq etməkdən daha çətindir. Ancaq hər keçən gün, həftə inkişaf edirik. Nəticələri görürəm və buna sevinirəm. Martda Azərbaycan çempionatı olacaq, orada hamınız əldə olunan irəliləyişin şahidi olacaqsınız.
– Bəs beynəlxalq yarışlar?
– Bunun üçün bir qədər vaxt lazımdır. Təbii ki, orada da nəticələr olacaq. Amma bunun üçün məşqlər daha da intensivləşməli, sürəklilik artmalıdır. Düşünürəm ki, təxminən 2-3 aya yaxşı nəticələrə yaxınlaşa biləcəyik.
– Ötən il də nəticələr pis olmadı…
– Elədir. İstər gənclərin yeniyetmələrin Avropa birinciliyində, istərsə də İslam Həmrəyliyi İdman Federasiyasının ağır atletika çempionatında medallar qazandıq. Qızlarımız fəxri kürsüdə yer aldılar, çempion oldular. İordaniyadakı yarış qarşıdakı IV İslam Oyunlarına yaxşı sınaq idi və biz ondan üzüağ çıxdıq.
– Ümumilikdə, Azərbaycan ağır atletikası barədə fikrin necədir?
– Üzərində çalışası çox iş var. Mən kişilərdən ibarət yığmamız haqda çox məlumatlı olmasam da, görürəm ki, istiqamət doğru götürülüb. Hazırda yeni nəsil ağır atletlər yetişir. Diqqətin buna yönəldilməsi vacibdir. Federasiya rəhbərliyi bu baxımdan böyük işlər görür. Bunu təqdir edir, öz işimlə maksimum dəstək verməyə çalışıram.
– Yığma üçün yaradılan şərait necədir?
– Çox yaxşı. Məncə, bundan artığı ola da bilməz. İstər qidalanma, istər məşq, istər istirahət… Bir sözlə, hər baxımdan ən yaxşısı var burada. Bizə yalnız məşq etmək, nəticə qazanmaq qalır.
– Yarım ildən çoxdur Azərbaycandasan. Özünü “bizimki” hiss edirsənmi?
– Etiraf edim ki, darıxıram. Bəlkə də tək olduğumdandır. Ancaq buradakı kollektiv çox mehribandır. Hər kəslə yaxşı münasibətim var, məni darıxmağa qoymurlar. Azərbaycanı özümə çox yaxın ölkə hesab edirəm. İnsanlarınız haqda ancaq yaxşı sözlər deyə bilərəm.
– Buradakı hədəf və məqsədlərin nələrdir?
– Bir məşqçi kimi ilk olaraq mehriban kollektiv yaratmaq istəyirəm. Görünən odur ki, yavaş-yavaş buna nail oluram. Sonra atletlərimizin yaxşı texnikaya malik olmasına çalışmalıyam, çünki bu çox vacibdir. Nəticə qazanmağın əsas yolu budur. İlk hədəfim gələn il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Sonra isə Avropa və dünya birincilikləri… Bir sözlə, Azərbaycan üçün çempionlar yetişdirmək istəyirəm.

Paylaş
Şərh yaz