Növbəti anti-dopinq seminarı keçirilib

Mayın 25-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti anti-dopinq seminarı keçirilib. Yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinin gedişatında baş tutan tədbirdə dinləyici qismində federasiya rəsmiləri, müxtəlif yaşlı idmançılar, müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən ixtisaslı mütəxəssislər, hakimlər və digər şəxslər iştirak ediblər.

Əvvəlcə, AAAF-ın baş katibi Rizvan Rəsulov çıxış edib. O, dopinqlə mübarizənin vacibliyini bir daha vurğulayıb, həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Rəsulov IWF-in Antidopinq Qaydalarına   əlavələrinin 15 aprel 2018-ci il tarixindən qüvvəyə mindiyini bildirib və həmin əlavələr haqda geniş məlumat verib. Baş katib məkan məlumatlarının təqdimi, milli federasiyalara sanksiyaların tətbiqi, milli federasiyaların IWF-in antidopinq qaydalarına inteqrasiyası və öhdəlikləri barədə ətraflı danışıb. Rəsulov auditoriyanın bununla bağlı suallarını cavablandırıb.

Daha sonra söz AMADA təmsilçiləri olan mühazirəçilərə verilib. Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva və Terapevtik İstifadəyə İcazə Komitəsinin sədr müavini Dr. Fərid Əliyev bir çox məqamlar barədə danışıblar. Natiqlər idman və idmançı ruhu, ədalətli mübarizə üçün qaydaların və onlara riayət olunmasının vacibliyi, pozuntu növləri və tətbiq ediləcək sanksiyalar (Violation type and applicable sanctions), hər zaman qadağan edilmiş maddələr (Substances Prohibited at All Times), qadağan edilmiş üsullar (Prohibited Methods), qida əlavələri (Dietary Supplements) və başqa bu kimi mövzular haqda məlumat veriblər.

Bununla yanaşı, seminar iştirakçılarına Anti-Dopinq Qayda Pozuntuları (ADRVs), Dopinq Nəzarəti Prosesi (Doping Control Process), Məkan Məlumatı (Whereabouts), Qadağan edilmiş Maddələr və Üsullar Siyahısı (Prohibited List), Terapevtik İstifadə üçün İstisnalar (TUE) barədə də informasiyalar çatdırılıb.

İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib. Proyektor vasitəsilə deyilənlər əyani şəkildə göstərilib. Seminar interaktiv halda aparılıb, iştirakçılar onları maraqlandıran sualları verərək cavab alıb, maraqlı müzakirələr gedib. Sonda maarifləndirici buklet və kitabçalar paylanıb.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz