Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilir. Yarışda artıq yaşı 17-yə qədər olan oğlanlar mübarizə aparıblar. Ağır atletlər 50 və 56 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər.
50 kq çəki dərəcəsində toplam 191 kq (86+105) nəticə ilə Ömər Cavadov qızıl medala layiq görülüb. İdmançımız yarışdan sonra AAAF TV-yə qısa müsahibə verərək istədiyi nəticəni qazandığını vurğulayıb: “Yarışa yaxşı hazırlaşmışdım, zədəm olsa da, bunun öhdəsindən gələrək qalib oldum. Növbəti yarışlarda da uğurumu davam etdirəcəm. Məşqçilərimə minnətdaram ki, mənimlə əziyyət çəkdilər. Hər kəsə təşəkkür edirəm, idmançılarımıza da uğurlar arzulayıram”.