Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız Astara şəhərinə təlim-məşq toplanışını başa çatdırmaq üzrədir. Kollektiv böyük məşqçi Natalya Prişepa və köməkçi-məşqçi Təranə Abbasovanın rəhbərliyi altında iki həftədir mütəmadi hazırlıq keçir. Komanda martın 29-da Bakıya dönəcək.
Yeniyetmə oğlanlardan ibarət ağır atletika üzrə yığma komandamız da burada hazırlıq keçib. Asif Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına yekun vuran kollektiv artıq paytaxta qayıdıb. Qarşıda atletlərimizi çox vacib bir yarış – Tailandın Banqkok şəhərində keçiriləcək yeniyetmələr arasında dünya birinciliyi gözləyir.
Həm qadınlar, həm də yeniyetmələrdən ibarət yığmamız Astarada yenicə istifadəyə verilmiş, Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə inşa etdiyi təlim-məşq bazasında ən yaxşı şəraitdə məşqlər edə biliblər. Onların istifadəsinə 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar verilib.