Bu gün ağır atletika üzrə Azərbaycan Kuboku başlayıb. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında reallaşan ölkə kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi və güclü idmançıların seçilməsidir.
Yarışın ilk günündə Azərbaycan Ağır Atletika Federasiyası İctimai Birliyinin baş katibi Rizvan Rəsulov jurnalistlərə müsahibə verərək keçirilən Azərbaycan kubokunun təşkili barədə geniş məlumat verib: “Azərbaycan kubokunda 80-dən çox idmançı iştirak edir. Qarşıda iki lisenziyalı beynəlxalq turnirlər var. Onlardan biri Misirdə İslam Ölkələrinin Həmrəyliyi çempionatıdır, digəri isə V Qətər turniridir. Ölkə kubokunun əsas məqsədlərindən biri də güclü idmançıları müəyyən edərək adıçəkilən yarışlara onların iştirakını təmin etməkdir. Bundan başqa, 2019-cu il üçün yığma komandanın tərkibinin formalaşdırılması və növbəti ildə təqvim planına uyğun olaraq beynəlxalq yarışlarda yaş qrupları üzrə idmançıların yer alması nəzərdə tutulub”.