Təxirə salınan yarışın yeni keçirilmə tarixi açıqlanıb

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin çox sayda hərbi qulluqçusu şəhid olmuş, bu səbəbdən 15-16 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi təxirə salınmışdı.
Artıq yarışın yeni tarixi məlum olub. Gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi 1-2 oktyabr tarixlərində, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək. Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edəcək.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.
Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.

Paylaş
Şərh yaz