Sentyabrın 19-da Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tamaş Ayan Bakıya rəsmi səfərə gəlib. O, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyi görüşüb, bir sıra məsələləri müzakirə edib. Dopinqlə mübarizə, atletlərin yetişdirilməsi və davamlı inkişafı üçün atılan addımlar, yaradılan şəraitin yüksək səviyyədə saxlanılması, həmçinin idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlar haqda danışılıb. Ayan AAAF-ın fəaliyyətindən razılığını ifadə edib.
Sentyabrın 20-də isə “Four Seasons” otelində IWF prezidenti Tamaş Ayanın mətbuat konfransı keçirilib. AAAF-ın baş katibi Rizvan Rəsulovun da iştirak etdiyi mərasimdə media nümayəndələrinin sualları cavablandırılıb.
Əvvəlcə, Tamaş Ayan öz fikirlərini bölüşüb: “Bakıya səfərim qısamüddətlidir. Burada cüdo üzrə dünya çempionatı kimi mötəbər turnir başlayıb. Təəssüf ki, çox qala bilməyəcəm. Azərbaycan xalq olaraq, ağır atletika idmanını sevir. Kifayət qədər yaxşı nəticələr olub. Əfsuslar olsun, 2008 və 2012-ci il Yay Olimpiya Oyunlarında iştirak edən bir sıra ağır atletlərdən götürülmüş nümunələr müsbət nəticə verib və cəzalar tətbiq olunub. Bu, bizim üçün yaxşı dərs oldu. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax mənə zəng edərək bildirdi ki, məsələ çox ciddi hal alıb və bunun qarşısı alınmasa, ağır atletika Olimpiadanın proqramından çıxarıla bilər. Onun reaksiyası çox anlaşılandır. İdmançıların qadağan olunmuş maddələr qəbul etməməsi üçün çalışmalıyıq. Dopinqlə mübarizə üçün iki – Təmiz İdman Komissiyası və İdman Proqramı Komissiyası təsis etdim. Bu istiqamətdə görülən işlər nəticə verməsə, ağır atletikanın növbəti Yay Olimpiya Oyunlarında mövcudluğu şübhə altına düşəcək.
Azərbaycanı çox bəyənir və sevirəm. Ən yaxşı milli federasiya rəhbərlərindən biri Cahangir Əsgərovdur. Onun bu istiqamətdə gördüyü işlər fantastikdir. Vitse-prezident Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və digərlərinin gördükləri işlər təqdirəlayiqdir. Yeni idman zallarının açılması, inventarların alınması Azərbaycanda bu idman növünün inkişafına müsbət təsir etməkdədir. Ona görə də Azərbaycanın 1 illik cəza alan 9 ölkə siyahısında olmasına təəssüflənirəm. Azərbaycanı çox yaxşı tərəfdaş kimi görürük. İyunun 11-də Təmiz İdman Komissiyası mənə hesabat verdi ki, Azərbaycan meyarlara tam əməl edib. Ona görə də bu ölkənin yenidən beynəlxalq yarışlara qatılmasına icazə verildi. Bu baxımdan, Azərbaycan cəzası yüngülləşdirilənlər arasında ilk ölkə oldu. Azərbaycan idmançıları Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edə biləcəklər. Bu, müştərək əməyin nəticəsidir.
Mətbuat konfransının sonunda jurnalistləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
– Artıq bir neçə ildir ki, güclü mübarizə başlasa da, daha çox məhz Rusiya və digər MDB ölkələrində dopinq halları baş verir. Söhbət təkcə ağır atletikadan da getmir. Nədənsə, bu prosesdə ABŞ bir qədər kənarda qalır. Sanki onların idmançıları həmişə “təmizdir”. Ağır atletikada Çin idmançıları da böyük uğurlar qazanırlar. Hətta deyilənə görə, orda xüsusi bir qida növləri var ki, dopinqə düşmür, amma gücləndirici effekt verir. Sizə elə gəlmir ki, bu ölkələrin idmançılarına da ayrıca bir nəzarət lazımdır?
– Sualınıza bir qədər ətraflı cavab vermək istəyirəm. Keçmiş SSRİ ölkələrində məşq prosesində hazırlığın bir hissəsi olaraq bu preparatlardan istifadə var idi. Bu da yarışlar zamanı idmançının nəticəsinə təsir edir, gücləndirici effekt verirdi. Özüm də bu sahədə bu tip məsələlərin tədqiqatını etmişəm. Beynəlxalq nəşrlərin də apardığı tədqiqatlar göstərir ki, bu kimi preparatların qəbulu həmin o yarışda nəticəyə hardasa 8-15% təsir edir. Deyək ki, idmançı rahat şəkildə 100 kiloqramı qaldıra bilirdisə, 7-8 kiloqram da preparatların hesabına “əlavə edirdi”. Bu sahənin adamları çox gözəl bilir ki, 100 kq qaldırmaqla, 105 kq və ya 108 kq qaldırmaq arasında nə boyda fərq var. Eyni durum qaçışda, ümumilikdə atletikada da var. Burada cüzi kömək kifayət qədər böyük fərq yaradır. Çəkicatmada normalda 65 metr nəticəsi olan idmançı, preparatla bu rəqəmi 67-68 metrə qaldıra bilir. Üzgüçülükdə də belə hallar var. Növlər çoxdur. Mən keçmiş SSRİ sözünə istinad edirəm, xüsusilə Azərbaycanı nəzərdə tutmuram. Ümumilikdə, bütün dünyada təəccüblənirdilər ki, “sovetlər” necə də çox mütərəqqi, müsbət nəticələr göstərirlər: SSRİ, Çexoslovakiya, Ruminiya, Bolqarıstan, Macarıstan və digərlərinə xas bir məşq metodu idi. Ona görə də sizləri, İttifaq ölkələrini qınamıram. O zamanda Almaniya Demokratik Respublikasına, yaxın qonşu ölkələrdən də həmin o məşqçilər işləməyə dəvət edilirdi və hər dəfə Keçmiş Sovet və Sosialist Bloku ölkələrindən məşqçilərin işlədiyi idman növlərində yarışlarda götürülən qan analizləri “müsbət” nəticə verirdi. Bunları deməkdə məqsədim heç bir vəchlə ovaxtın bütün məşqçilərini qınamaq deyil. Çünki özüm də Macarıstandanam və bizdə də belə idi. Bu, sualınızın birinci hissəsinə cavab idi. O ki qaldı sonrasına, heç də elə bilməyin ki, ABŞ istisnadır,yəni hər hansı bir müqəddəs ölkədir. Biz onların beyzbol idman növündə də götürülən analizlərindən müsbət nəticələr çıxıb. Velosipedçi Lens Armstronqla bağlı məşhur hadisə də hamımıza məlumdur. Bu, onu göstərdi ki, dopinq dünyadakı ümumi problemdir və geniş vüsət alıb. Ona görə də, BOK WADA-nı formalaşdırdı ki, ayrı-ayrı hansısa bir daxili federasiyalar, yaxud beynəlxalq federasiya yox, məhz ali təmsilçilik səviyyəsində Komitə nəzdində belə bir agentlik bu məsələyə nəzarəti tam ciddiyyətlə üzərinə götürsün. Bu minvalla da, bizimdə sizin də qarşılıqlı olaraq müştərək gördüyümüz iş çox vacibdir. Gəlin, bir-birimizi aldatmayaq. Sualınıza görə minnətdaram.
– Mübarizə aparılsa da, dopinqin kökünü kəsmək mümkün olmur. Necə düşünürsüz, yaxın vaxtlarda bu problemi həll etmək mümkün olacaqmı?
– 52 ildir ki, beynəlxalq idman arenasında işləyirəm. Bu müddət ərzində dopinqlərlə bağlı analizlərdə nəticələr olub, indi də göstərir və əfsuslar olsun ki gələcəkdə də bu hal baş verə bilər. Söhbət sadəcə ağır atletikadan getmir, bütün idman növlərində dopinq qaçınılmaz bir haldır. Çünki hər zaman elə idmançılar tapılacaq ki, qızıl medalı boynundan asmaq naminə bu yolu getməyə hazır olacaqlar. Amma inanırıq ki, gələcəkdə aşkarlanan müsbət nəticələrin sayı nəzərəçarpan dərəcədə aşağı düşəcək. Niyə? Müasir laboratoriyaların iş üslubu, texnikası o qədər müasir və o qədər dəqiqdir ki, hətta 10 il əvvəlin dərin dondurma metodu ilə saxlanılan analizlərində qadağan olunmuş preparatları tapa bilir. Pekin və London Olimpiadası ilə bağlı məsələlər buna misaldır. Biz BOK və WADA ilə çox sıx əməkdaşlıq edirik. Yeni qurum da təsis etmişik. İTA adlanır, akronim olaraq unutmayın, beynəlxalq yoxlama qurumudur. Bu yoxlama agentliyi də, BTA-nın da qərargahları da bizimlə Lozannadadır. BOK ilə də, bizimlə də yaxın əməkdaşlıq edəcəklər. Nəhayət, sualın öz cavabına gəlsək, qarşıdakı illərdə nəzərəçarpan azalmanı müşahidə edəcəyimizi istisna etmirəm. Bəli, məhz sadalağım məsələlərin fonunda qeyd etmək istərdim ki, Azərbaycana yenidən gələcəm. Sadəcə ona görə yox ki, bayaq da qeyd etdiyim kimi ölkənizi çox sevirəm.
– Təxminən 7-8 il bundan əvvəl Bakıda beynəlxalq ağır atletika turniri – Bakı Qran-Prisi keçirildi, amma sonradan fasilə verildi. Onun bərpası, Azərbaycanda Dünya Çempionatının keçirilməsi təşəbbüsünə necə baxırsınız? İkinci sualım da var. Azərbaycanda ağır atletikanın inkişafını qeyd etdiniz, amma Azərbaycanda fəaliyyət göstərən Zirvə Beynəlxalq idman klubu da var. Belə bir klubun inkişafına necə kömək edə bilərsiz?
– 6 il əvvəl bu Qran-Pri təşkil edilmişdi. Dünən AAAF prezidenti Cahangir Əsgərovla çox məhsuldar görüşüm oldu və o, yenə blə yarışın keçirilmə niyyətini bəyan etdi. O, məndən smeta və təşkilatı planı istədi. Biz bu istiqamətdə iş aparacaq, lazımi köməyi edəcəyik. Çin də artıq öz istək və niyyətini bildirib, Dünya Kubokunu keçirməkdə maraqlıdırlar, Rusiya da həmçinin. ABŞ-da da təşkil edilməsi yaxşı olardı, çünki yerli federasiya çox fantastik və kifayət qədər fəaldır, təşkilatçılığı ilə seçilir. Təbii ki, yarışın keçirilməsində xüsusi meyarlar var ki, orda xüsusi mükafat fondu mütləq şəkildə ayrılmalıdır və qaliblərə verilməli, üstəlik, atletlərin iştirakı ilə bağlı xüsusi reqlament olmalıdır. Bəli, biz Bakıda Dünya Kubokunu keçirmək istəyirik. İstərdim mətbuat da biraz fəal olsun, bu işdə geniş işıqlandırılmasında bizə kömək etsin. Klub məsələsinə gəlincə, cənab Tofiq Heydərov çox güclü bir klubun prezidentidi. Yaxın həftələrdə bizim görüşlərimiz nəzərdə tutulub. Bilirəm,ağır atletika ilə bağlı həddindən artıq çox entuziazm, həvəsi ilə seçilən adamdır. Şəxsən özüm də tanıyıram, tanınmış bir idmançı olub. Yadınıza gəlir, bayaq dedim ki, Azərbaycanın kifayət qədər yaxşı, istedadlı, ağır atlet keçmişi olan kadrılar var. Onlarla işləmək bizim üçün zövqdür.
– Son vaxtlar 4 idmançımızı dopinqə “düşüb”. Onlardan biri – İsa Rüstəmov haqqında qərar açıqlandı ki, 4 illik cəzalandırıldı. Amma digər 3 idmançı – Elmar Alıyevi saymasaq, Hüseyn İsmayılov və Anastasiya İbrahimli barəsində qərar açıqlanmayıb. Bu, nə ilə əlaqədardır?
– Bu, sırf ölkədaxili məsələdir. Burada prosedur qaydaları, reqlament var, işin ühquqi tərəfləri var. Bütün bu proseslər tam başa çatmalıdır ki, qərar açıqlansın. Bir məsələni də qeyd edim: əfsuslar olsun ki, İslam Oyunları zamanı da ərəb ölkələrində keçmiş SSRİ-dən məşqçilər cəlb olunmuş, onlar da yüksək nəticə üçün idmançılara qadağan olunmuş preparatlar verdilər. Çox təəssüf. Nəticə isə göz qabağındadır. Suala qayıtsaq, belə dəqiq heç nə deyə bilmərəm. Prosedur başa tam çatmalıdır. Dopinq olanda cəza idmançı və məşqçisinə, iş kütləvi hal alarsa, hətta ölkə özü idman yarışlarından uzaqlaşdırıla bilər. Rəsmi məktubla müraciət edin, hüquqşünaslarımız bu məsələyə öz cavablarını mütləq bildirərlər.
– Bildiyiniz kimi, biz bir il müddətinə uzaqlaşdırılmışdıq. Bu bir il ərzində bizim idmançılar üç dəfə dopinq kontrolundan keçməli idilər. Ancaq bizim iyul ayında cəzamız qurtardı. Elə idmançılarımız var ki, hansı ki, cəmi bir, ya iki dəfə analiz verib. Onlar yarışa buraxılacaqlarmı?
– Fərq etməz, üçüncü dəfə analiz omayıbsa və əgər müddət bitibsə, bəli, iştirak edə bilər.
– 2019-cu ildə Belarusiyada keçirilən Avropa Oyunlarında Ağır atletika idman növü olacaqmı?
– Xeyr. İlk Avropa Oyunları Bakıda fantastik keçirildi. Ancaq əfsuslar olsun ki, Avropa Federasiyası yüksək səviyyədə işləmir.Ona görə də ağır atletika ora daxil edilmədi. Minskdə də olmayacaq.
– AAAF barədə xoş sözlər söylədiz, bütün meyarların qəbul və riayət edildiyini dediniz. Qız atletimizin Yeniyetmələrin Olimpiya Oyunlarında iştirakını bunun əvəzində bir jest kimi qəbul edə bilərikmi? Və həmkarımın sualının davamı olaraq, təbii ki, dünya çempionatı və yaxud daha böyük yarışlardan danışırıq, amma nəzərə almalıyıq ki, Azərbaycan federasiyası tam sıfırdan yeni işlər görməyə başlayıb. Ola bilərmi ki, DÇ-yə qədər hər hansı mötəbər tədbirlər məsələn, Avropa çempionatı Azərbaycana etibar edilsin?
– Problem yoxdur. Federasiyanın belə bir ixtiyarı var. Oktyabrın 19-da bütün ölkələrin cəza müddəti bitir. Bəli, artıq azad olacaqsız. Bilavasitə iştirak etməkdə, təşkil etməkdə Azərbaycan birmənalı səlahiyyətə malik olacaq. Heç bir problemsiz, sabah belə Azərbaycan beynəlxalq yarışlarda iştirak edə, ardınca da bütün işlər düzgün qurulsa, yarış təşkilini də edə bilər. Bunu dünən Cahangir Əsgərov, Tofiq Heydərov və Rizvan Rəsulovla müzakirə etdik. Müsbət fikirlər söylənildi, gələcəyə ümid və inamla baxmaq imkanımız yarandı. Azərbaycana uğurlar arzulayır, görülən bütün işlərdən razılığımı ifadə edir, gələn görüşlərə qədər deyirəm.