Təqdimat iclas iştirakçılarının alqışları ilə qarşılandı, Avropa Ağırlıqqaldırma Akademiyasının məkanı statusunu qazanan ölkəmiz təbrik edildi.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və digər rəsmilər Azərbaycanda idmana göstərilən diqqəti xüsusi fərqləndirdi və Akademiyanın fəaliyyətində uğurlar arzulandı.
Avropa Ağırlıqqaldırma Akademiyasında beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək. Akademiyadakı tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Akademiyanın Bakıdakı ASK Arenada yerləşməsi nəzərdə tutulur.
Qeyd edək ki, dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyası qurulacaq. Azərbaycanla yanaşı bu hüquqa Asiyada Çin, Afrikada Misir, Amerikada Kuba, Okeaniyada isə Samoa sahib olub.
Bununla yanaşı, konqresdə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının ayrı-ayrı komitələrinin hesabatları dinlənildi, kommersiya tərəfdaşlarının təqdimatı baş tutdu. IWF-in konstitusiyasına təklif edilən dəyişikliklər ümumi səsvermə yolu ilə qəbul edildi.